Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verənlərin rejim dəyişikliyinə səbəb olacağına inanmadığını bildirib.
Fidan İranın Venesualaya çevirilməməsi üçün ABŞ-a çağırış edib. XİN başçısı Tehranın danışıqlara hazır olduğunu, lakin hökumətin nüfuzunu itirməməsi üçün düzgün danışıqlar aparılmalı olduğunu söyləyib. “Əgər onlar özlərini küncə sıxışdırılmış hiss etsələr, ən pis ssenariyə hazırlaşacaqlar”, – Türkiyə rəsmisi qeyd edib.
İran-ABŞ gərginliyi danışıqlar yolu ilə həll edilə bilərmi? Rejim dəyişərsə, indiyə kimi İran təhdidindən faydalanan İsrail özü üçün hansı yeni istiqaməti götürəcək?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, İranda baş verənlər çox ciddi xarakter daşıyır:
“Hətta mən deyərdim ki, bu, Yaxın Şərqin xəritəsini dəyişdirəcək həcmdə bir hadisədir. Biz bilirik ki, bu gün Yaxın Şərqdə olduqca mühüm proseslər baş verir. İranın mövcud hakimiyyətinin fəaliyyəti ABŞ və İsrailin təhlükəsizlik xəttinə ziddir.
Türkiyə regionun mühüm aktorudur, onun üçün regionda sabit və etibarlı münasibətlər çox vacibdir. Hakan Fidanın sözləri bir daha göstərir ki, Ankara bölgədə sabitliyin əsas subyektlərindən biri kimi çıxış edir.
Zaur Məmmədov
Əlbəttə, ABŞ və İsrail molla rejiminin dəyişməsini əsas ssenari hesab edirlər. Hətta yaxın saatlarda hücumun olması da istisna deyil. Lakin Vaşinqton və Təl-Əviv planın nəticəsindən 100 faizl əmin olduqları təqdirdə hərəkətə keçə bilərlər.
Baş verənlər göstərir ki, İranda siyasi sistem ya reformlara gedəcək, ya da rejim çökəcək və ölkəyə xarici müdaxilə ehtimalı ortaya çıxacaq”.
Turan Rzayev
Globalinfo.az