Ayna saytına istinadən Icma.az xəbər verir.
“Türkiyə Orta Dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində əsas element hesab edir”
“Türkiyə Cənubi Qafqazdan keçən və bölgəni Türkiyə ərazisi ilə birləşdirən Orta Dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində əsas element hesab edir”. AYNA.AZ “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, nəqliyyat marşrutlarının şaxələndirilməsi strateji zərurətə çevrilir, “çünki bu, bazara çıxışı genişləndirməyə və qlobal təchizat zəncirlərini gücləndirməyə imkan verir”.
Fidan vurğulayıb ki, “Türkiyə coğrafi mövqeyinə sadəcə qitələri birləşdirmək üçün bir fürsət kimi deyil, həm də strateji məsuliyyət kimi baxır”.
“Bu potensialın reallaşdırılması inkişaf etmiş infrastruktur, diplomatik səylər və nəqliyyat marşrutlarının təhlükəsizliyinin artırılmasını tələb edir”, - Fidan vurğulayıb.
Nazir həmçinin Fars körfəzini İraq və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat marşrutunun yaradılmasını da perspektivli bir layihə kimi qeyd edib. Ankara həmçinin enerji marşrutlarını və təchizat mənbələrini şaxələndirməyə çalışır.
Fidanın sözlərinə görə, “bu cür layihələr yeni iqtisadi imkanlar yarada və siyasi əməkdaşlığı gücləndirə biləcək daha geniş regional əlaqələr sisteminin bir hissəsidir”.