Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sabiq prezidenti Kirsan İlyumjinov yadplanetlilərlə bağlı illər əvvəl səsləndirdiyi iddialara yenidən qayıdıb.
İdman.Biz xəbər verir ki, İlyumjinov müsahibəsində bildirib ki, ətrafındakı onlarla insan ondan yadplanetlilərin nə vaxt yenidən gələcəyini və özlərinin də həmin səfərə qoşula bilib-bilməyəcəyini soruşur.
Onun sözlərinə görə, hətta imkanlı tanışları arasında da belə bir səfərə maraq göstərənlər var. İlyumjinov həmin söhbətlərdən birini belə xatırladıb:
“Sənin milyardın var, ora niyə getmək istəyirsən?” Cavab isə “Artıq hər şey bezdirib, heç olmasa oranı görərəm” olub.
FIDE-nin keçmiş rəhbəri başqa ölkələrin siyasi liderlərinin də naməlum uçan obyektlərlə təmasda olduğunu iddia edib. O, konkret şəxsin adını açıqlamasa da, söhbətin Cənubi Koreyadan olan siyasətçidən getdiyinə işarə edib. İlyumjinovun sözlərinə görə, hadisənin təfərrüatlarını ona həmin siyasətçinin həyat yoldaşı danışıb.
İlyumjinov bildirib ki, sözügedən siyasətçi parlament seçkiləri yaxınlaşdığı üçün həyat yoldaşına bu barədə ictimai danışmamağı tövsiyə edib.
Sabiq FIDE prezidenti yadplanetlilərlə bağlı açıqlamalarının siyasi karyerasına zərər vura biləcəyini əvvəldən anladığını da deyib. O, belə etirafı “siyasi intihar” adlandırıb və bəşəriyyətin kainatda tək olmadığını göstərmək naminə həm FIDE prezidenti, həm də Rusiyanın Kalmıkiya vilayəti rəhbəri vəzifəsindən getməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İlyumjinov daha əvvəl 1997-ci ildə yadplanetlilərlə qarşılaşdığını iddia edib. Onun sözlərinə görə, sarı skafandr geyinmiş naməlum varlıqlar onu öz gəmilərinə aparıblar.