Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bakıda başa çatan, 189 ölkəni və 3 minə yaxın gənc istedadı bir araya gətirən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı həm də böyük loqistika və təşkilati göstəriciləri ilə yadda qalıb.
Futbolpress.az xəbər verir ki, FIFA yayımladığı yekun hesabatda turnir ərzində həyata keçirilən təminat işlərinin miqyası məlum olub.
İdmançılar üçün nəzərdə tutulan Atletlər kəndində 3780 nəfər yerləşdirilib, onlara 11 500 dəst yataq və dəsmal paylanıb. İaşə sektorunda isə iştirakçılara ümumilikdə 114 560 porsiya isti yemək təqdim olunub. Çempionat müddətində məişət xidmətləri də yüksək səviyyədə təşkil edilib. Oktyabrın 20-dən 28-dək 26 754 kiloqram (təxminən 27 ton) çamaşır yuyularaq emal edilib.
Nəqliyyat əməliyyatları çərçivəsində 3020-dən çox avtobus reysi baş tutub. Bunun 1950-si komandaların oyun məkanlarına çatdırılmasına yönəldilib. Coğrafi baxımdan ən qısa səfəri Tbilisidən 1 saat 10 dəqiqəlik uçuşla gələn Gürcüstan nümayəndə heyəti etsə də, Tonqo və dörd dəfə təyyarə dəyişməli olan Boliviya milliləri üçün Bakı yolu kifayət qədər uzun olub.
Bütün bu qlobal tədbirin idarə olunmasına 397 könüllü cəlb olunub, elektron poçt ünvanına 11 mindən çox müraciət daxil olub, həmçinin yüzlərlə viza və buraxılış sənədləri operativ şəkildə rəsmiləşdirilib.