FIFA dan İnfantino Tramp əlaqəsi barədə təkzib edib

04.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya futbolunun ali qurumu FIFA prezidenti Canni İnfantinonun ABŞ administrasiyası ilə əlaqə saxlaması barədə yayılan məlumatı təkzib edib.

İdman.Biz xəbər verir ki, “New York Post” İnfantinonun istefa təzyiqləri fonunda vəzifəsini qorumaq üçün Donald Tramp administrasiyasının dəstəyini almağa çalışdığını yazıb. Nəşrin məlumatına görə, FIFA prezidenti ABŞ dövlət katibi Marko Rubio ilə qapalı danışıq keçirmək istəyib.

FIFA sosial şəbəkədə yaydığı açıqlamada iddianı rədd edib:

“FIFA prezidenti son günlərdə ABŞ prezidenti və ya onun administrasiyasının hər hansı üzvü ilə əlaqə saxlamayıb. Bu məlumat tamamilə uydurmadır”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi də İnfantino ilə Rubio arasında görüş və ya danışığın planlaşdırılmadığını bildirib.

Məlumata əsasən, narazılıq FIFA-nın yayım, sponsorluq, lisenziyalaşdırma və bilet satışından əldə etdiyi gəlirləri yeni kommersiya qurumunda birləşdirmək planından sonra yaranıb. “FIFA Forward Enterprise” adlanan layihə çərçivəsində şirkətin 20 faizlik payının özəl investorlara satılması və təxminən 4,2 milyard dollar - 7,14 milyard AZN vəsait cəlb edilməsi nəzərdə tutulub.

Layihənin potensial tərəfdaşları arasında Coşua Kuşnerin rəhbərlik etdiyi “Thrive Capital” investisiya şirkəti də göstərilib. Güclü etirazlardan sonra FIFA bu plandan imtina edib. UEFA isə məsələ ilə bağlı sənədlərin və elektron yazışmaların qorunmasını tələb edən hüquqi bildirişi FIFA-ya göndərib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью