FIFA nın “böyük şansı” və AFFA nın “dar süzgəci”

14.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari ilin oktyabrında futbol tarixində unikal bir hadisəyə şahid olacağıq. FIFA-nın uşaq futbolunda fəlsəfəni dəyişmək, “hər bir istedada şans vermək” ideyası ilə keçirəcəyi ilk U-15 Dünya Çempionatı və Festivalı Hövsanda baş tutacaq. FIFA-ya üzv bütün assosiasiyaların dəvət olunduğu və artıq 190 ölkənin iştirakını təsdiqlədiyi, 8×8 formatında keçiriləcək bu qlobal futbol bayramında ev sahibi kimi bizim də öz iddiamız var.

Dövlət səviyyəsində Təşkilat Komitəsi qurulub, hazırda 10 yeni meydança inşa edilir, hazırlıqlar sürətlə davam edir. Lakin bu möhtəşəm təşkilatçılıq fonunda AFFA-nın yarış üçün hazırladığı seleksiya süzgəci ortaya acınacaqlı mənzərə çıxarır.

Piramidanın daralan zirvəsi

Milli komandamızın hazırlıq prosesi kifayət qədər geniş seçim sistemi ilə başlamışdı. Avqustun 21-dən etibarən Dalğa Arenada və Bayıldakı ümumi yoxlanışda 350-dən çox yeniyetmə futbolçu sınaqdan keçib. Bu kütləvi prosesdən sonra oyunçuların sayı öncə 80-ə, daha sonra isə hazırkı 25 nəfərlik şort-listə endirilib. 14 sentyabrdakı seleksiya xarakterli toplanışdan sonra isə Hövsanda yaşıl meydançaya çıxacaq yekun 14 nəfərlik heyət bəlli olacaq.

Siyahıya baxanda ilk gözə çarpan məqam “Sabahın Ulduzları” turnirinin rolu olur. 25 nəfərlik siyahıda 19-u, yəni 76%-i məhz həmin yarışda özünü göstərən uşaqlardır. Kütləvi uşaq turnirinin seleksiyada bu dərəcədə pay sahibi olması müsbət haldır, lakin bu göstərici həm də acı bir reallığı ortaya qoyur.

Bölgələrdə milli komanda səviyyəsinə cavab verən uşaq kontingenti formalaşmır və seleksiya məcburən Bakıya “həbs olunur”.

Paytaxtdan kənarda perspektivli oyunçunun olmaması fikri absurd səslənərdi. Əsl məsələ həmin istedadın “emal olunmaması”dır.

Bəlkə də “Sabahın Ulduzları” kimi yarışlar ölkə müstəvisində təşkil edilsə (ya da paralel şəkildə bölgələrdə ayrı-ayrı keçirilsə), yerli uşaqlar seleksiya zəncirinə düşə bilərlər.

Bölgə futbolu haradadır?

Azərbaycan futbolunun inkaredilməz gerçəkliyi var ki, ölkənin əsas futbolçu bazası və aparıcı kadrları hər zaman bölgələrdən pərvazlanıb. Regionlarda oynanılan küçə futbolu hər zaman millini bəsləyən “ana bətni” olub. Lakin əldə etdiyimiz namizəd siyahısı həmin reallığa tərs mütənasib səhnə yaradır.

Hazırda şans verilən uşaqların 21-i paytaxt klubları və akademiyalarının təmsilçisidir. Təkcə “Ulduz” akademiyasından dəvət alan 7 nəfər bütün bölgələrdən yığılan futbolçuların cəmindən iki dəfə çoxdur. Siyahıda “Qəbələ”dən 2, “Karvan-Yevlax” və “Turan Tovuz”dan isə 1 nəfərin olması vəziyyəti dəyişmir. Rayon klublarının payına az sayda futbolçunun düşməsi bölgələrdə uşaq futbolunun koma vəziyyətinə düşdüyünü göstərir.

FIFA dünyaya “hər bir istedada şans verəcəyik” mesajını ötürərək analoqu olmayan kütləvi futbol yarışı keçirir, yeni imkanlar üçün səhnə yaradır, biz isə yenə Bakı səviyyəsində məhdudlaşmalı oluruq.

Oktyabrın sonunda formalaşacaq 14 nəfərlik yekun heyət Hövsanda Azərbaycan bayrağı altında mübarizə aparacaq. Lakin turnir bitəndən sonra da bir sual açıq qalacaq. Biz həqiqətən bu ölkənin ən potensiallı 14 uşağını yaşıl meydançaya çıxardıq, yoxsa sadəcə Bakıda gözümüzün önündə olanları?

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью