Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bakı FIFA U-15 dünya çempionatı və futbol festivalına ev sahibliyi edir. Oktyabrın 24-dən start götürən turnirə sabah yekun vurulacaq.
AFFA-nın keçmiş texniki direktoru Cahangir Həsənzadə yarışla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Dünya çempionatı və futbol festivalı ilə bağlı təəssüratlarınız nədir?
– Yarış kifayət qədər keyfiyyətli təşkil olunub. Bakının bu cür böyük yaşırlara ev sahibliyi etmək təcrübəsi olub. Ona görə fikrimcə, təşkilatçılıqla bağlı hər şey qaydasındadır və gözəl şərait yaradılıb.
– Turnirin Azərbaycanda keçirilməsinin ölkə futboluna hansı faydaları var?
– Ölkədə futbola maraq daha artır. Xüsusilə, yeniyetmələr və gənclər arasında təbliğat gücləndi. Həm oyunçular, həm məşqçilər üçün də faydalı turnirdir. Müxtəlif komandalar, müxtəlif oyun üslubları gördük. Eyni zamanda FIFA rəsmilərinin qatılması, keçirilən seminarlar da hər kəs üçün faydalı olacaq. Fərqli futbol mədəniyyətlərini öyrənməyin əhəmiyyəti böyükdür.
– U-15 komandaları 8×8 formatında oynayır. Sizcə, bu, nə dərəcə effektivdir?
– Yarışın adına diqqət edək: dünya çempionatı və futbol festivalı. Zənnimcə, bu iki məsələ sırf bu turnir üçün nəzərdə tutulub. 190-a yaxın ölkə burada iştirak edir. Buna görə dünya çempionatı adlanır. Festival isə formatla bağlıdır. Festival olan yerdə nəticə, çempionluq, bombardirlik əsas deyil. Burada məqsəd ölkələri bir araya gətirmək, futbolla döyünən ürəkləri bir meydançaya yığmaqdır. Məncə də yaxşı alındı. Təşkilatçıların bu formatı seçməsi də turnirin festival kimi olmasıdır. Həm oyun, həm əyləncədir. Ona görə 8×8-in ciddi əhəmiyyətinin olmadığını düşünürəm.
Şahin Cəfərov