Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Slovakiya Baş naziri Robert Fiko ABŞ prezidenti Donald Trampla görüşündən sonra yaranan təəssüratları barədə dərc olunan yazıdan sonra "Politico” nəşrini Slovakiyanın ABŞ və digər ölkələrlə "konstruktiv münasibətlərini" sarsıtmaq cəhdində ittiham edib.
Qaynarinfo "Yevropeyskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Fiko "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
Qeyd edək ki, "Politico” məlumatlı həmsöhbətlərinə istinadən yazmışdı ki, Fikonun ABŞ prezidenti Donald Trampla görüşü zamanı Amerika liderinin "ruhi vəziyyəti" onu şoka salıb.
Bunu şərh edən Fiko nəşrin yazısını "yalan" adlandırıb.
"Heç kim heç nə eşitməyib, heç kim heç nə görməyib, şahid yoxdur, lakin bu, "Politico” portalına yalan uydurmağa mane olmayıb. Yaxşı məlumdur ki, mən suverenliyin, milli maraqlar uğrunda mübarizənin və şəxsi rəyin cinayət hesab edildiyi bu portalın "sevimlilərindən” biriyəm", – Slovakiya Baş naziri bəyan edib.
O qeyd edib ki, Brüsseldəki qeyri-rəsmi sammitdə çıxış etməyib, həmçinin "bu sammiti, onun hazırlanmasını və çağırılmasını açıq şəkildə tənqid edib".
"Sammitdə mən heç bir baş nazir və ya prezidentlə ABŞ-a səfərim barədə qeyri-rəsmi söhbət etməmişəm", – o deyib.
Fikonun sözlərinə görə, onun ABŞ-a səfərini "pozmaq üçün israrlı cəhdlər" olub, necə ki, "Rusiyaya səfəri zamanı bəzi Aİ üzvü olan ölkələr hətta onların ərazisi üzərindən uçmağa icazə verməmişdilər".
"Mən ABŞ prezidentinin bir çox strategiyaları ilə razıyam, bəziləri ilə isə yox. Düzünü desəm, Venesuela ilə bağlı kəskin bəyanatımdan sonra ABŞ-a səfərimın ləğv ediləcəyini gözləyirdim. Bu baş vermədi, bu da məni ABŞ prezidenti ilə görüşü daha çox qiymətləndirməyə vadar edir", – Fiko qeyd edib.
Buna görə də Slovakiya baş naziri bəyan edib ki, "Politico”nun məqsədi guya yalnız "Slovakiyanın dünyanın hər dörd tərəfi ilə malik olduğu konstruktiv münasibətləri məhv etməkdir".
"Bu, həm də Slovakiya Respublikasının öz dinc nüvə proqramını şaxələndirmək və ABŞ ilə əməkdaşlıq etmək marağına təsir göstərir. Əgər tənqidi fikrimi bildirmək lazımdırsa, mənə bunun üçün meqafonlar lazım deyil. Yəqin ki, Kallasın əvəzlənməsi zərurəti barədə təklifim kifayət qədər nümunədir", – o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ Konqresində ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etmək istədikləri barədə yazılmışdı. Bu düzəliş prezident öz vəzifələrini yerinə yetirə bilməyəcək vəziyyətdə olduqda, onun müvəqqəti olaraq kənarlaşdırılmasına imkan verir.
Bu ideya ilə Nümayəndələr Palatasında Demokratlar Partiyasının təmsilçisi Yasamin Ansari çıxış edib.
Konqresmen qadın Trampın psixi xəstəliyinin sübutu kimi onun Norveç baş nazirinə yazdığı məktubu əlavə edib. Tramp həmin məktubda Qrenlandiyanı nəzarətə götürmək niyyəti barədə bəyanatlarını ona Nobel sülh mükafatının verilməməsi ilə əlaqələndirib.
Alpər