Filippin paytaxtında Orta Dəhlizin perspektivlərindən danışılıb

21.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlament Assambleyasının (ASEAN PA) 47-ci illik sessiyası çərçivəsində Gürcüstanla bağlı dinləmələr keçirilib.

Bu barədə AZƏRTAC-a Gürcüstan Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkəsindəki mövcud vəziyyət və baş verən proseslər barədə məlumat verib.

O, Gürcüstanın iqtisadi, siyasi və sosial vəziyyətini təhlil edib, müxtəlif sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrdən danışıb.

Dinləmələr zamanı Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rolu, Orta Dəhlizin perspektivləri, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı kabel layihəsi, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat və rəqəmsal əlaqələrin inkişafı diqqət mərkəzində olub.

ASEAN PA-nın üzvləri Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrə maraq göstəriblər. Onlar Gürcüstanla yaxşı siyasi münasibətlərə malik olduqlarını vurğulayaraq, ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью