Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan bərə batıb. Qəza nəticəsində ilkin məlumata görə 15 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, Mindanao bölgəsindəki Zamboanqa Limanından Banqsamoro Muxtar Bölgəsinin Sulu vilayətinin mərkəzi olan Jolo adasına hərəkət edən “M/V Trisha Kerstin 3” adlı bərə Hadji Muhtamad bələdiyyəsinə bağlı Pilas adası sahillərində batıb.
Filippin Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, göyərtəsində 332 sərnişin və 27 ekipaj üzvü olmaqla ümumilikdə 359 nəfər olan bərənin batması nəticəsində ilkin məlumata görə 15 nəfər həyatını itirib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunan açıqlamada, indiyədək 316 nəfərin sudan çıxarıldığı, 43 nəfərin isə itkin düşdüyü bildirilib.
Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur, hadisə ilə bağlı istintaq davam edir.
Təxminən 117 milyon əhalisi olan ada dövləti Filippində keçmişdə də çoxsaylı insan tələfatı ilə nəticələnən bərə qəzaları baş verib. 2023-cü ildə yenə Zamboanqadan Sulu vilayətinə gedən bir bərədə çıxan yanğın nəticəsində 30-dan çox insan həyatını itirmişdi.
Məryəm Quliyeva