Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Hindistan hökuməti 2026-2027 maliyyə ili üçün milli büdcə layihəsini açıqlayıb. Sənəddə müdafiə xərcləri üçün rekord həcmdə – 85,5 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Parlamentdə çıxışı zamanı maliyyə naziri Nirmala Sitharaman əsas prioritetlər kimi hərbi aviasiyanın və donanmanın gücləndirilməsini, sərhədlərin mühafizəsini, eləcə də kəşfiyyat imkanlarının genişləndirilməsini qeyd edib. Büdcədə müdafiəyə xüsusi diqqətin artırılması Pakistanla münasibətlərdə gərginliyin dərinləşməsi, Çinlə davam edən strateji rəqabət və yeni regional böhran riskləri ilə izah olunur.
Hindistanın müdafiə xərclərini rekord səviyyəyə – 85,5 milyard dollara çatdırması Cənubi Asiyada güc balansını ciddi şəkildə dəyişdirən addım kimi qiymətləndirilir. Bu rəqəm Hindistanın müstəqillik tarixində ən böyük hərbi büdcə olmaqla yanaşı, ölkənin regional və qlobal ambisiyalarının açıq göstəricisidir. Müdafiə xərclərinin 15 faiz artması Yeni Dehlinin həm Pakistan, həm də Çin istiqamətində eyni vaxtda hərbi qarşıdurmaya hazır olmaq strategiyasını gücləndirdiyini göstərir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Pakistanın hərbi büdcəsi miqyas baxımından Hindistanla müqayisədə kiçikdir. 2025–2026-cı maliyyə ili üçün Pakistanın müdafiə xərcləri təxminən 9–10 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu göstərici nominal ifadədə Hindistanın büdcəsindən azdır. Lakin Pakistan iqtisadiyyatının ölçüsü və dövlət büdcəsinin ümumi həcmi nəzərə alındıqda, müdafiə xərclərinin payı kifayət qədər yüksəkdir. İslamabad üçün ordu yalnız təhlükəsizlik institutu deyil, həm də siyasi və strateji sistemin əsas dayaqlarından biridir. Buna görə də Pakistan hərbi xərclərini məhdud iqtisadi imkanlara baxmayaraq, sabit səviyyədə saxlamağa və xüsusilə nüvə çəkindirməsi, raket proqramları və hava qüvvələrinin modernləşdirilməsinə üstünlük verməyə çalışır.
Hindistanın sürətlə silahlanması Pakistan üçün birbaşa təhlükəsizlik çağırışı kimi qəbul olunur. Yeni Dehlinin hərbi aviasiya, donanma və kəşfiyyat imkanlarını genişləndirməsi, xüsusilə də sualtı qayıqlar və uzaqmənzilli raket sistemlərinə yatırımlar İslamabadı cavab tədbirləri görməyə vadar edir. Bu isə klassik “təhlükəsizlik dilemması”nı dərinləşdirir: bir tərəfin təhlükəsizliyini artırmaq üçün atdığı addımlar digər tərəf tərəfindən təhdid kimi qəbul olunur və nəticədə silahlanma yarışı sürətlənir. Xüsusilə Kəşmir ətrafında vaxtaşırı baş verən hərbi insidentlər fonunda bu dinamika eskalasiya risklərini artırır.
Regional təhlükəsizlik baxımından daha ciddi məsələ ondan ibarətdir ki, Hindistan və Pakistan hər ikisi nüvə silahına malik dövlətlərdir. Son illərdə baş verən qarşılıqlı hava zərbələri və sərhəd toqquşmaları göstərdi ki, konvensional səviyyədə (Konvensional səviyyə (və ya konvensional müharibə/silahlar) termini hərbi və siyasi kontekstdə nüvə, kimyəvi və bioloji silahların istifadə olunmadığı döyüş və müdafiə mərhələsini ifadə edir-red.) başlayan gərginlik qısa müddətdə strateji risklər yarada bilər. Hindistanın hərbi büdcəsinin kəskin artımı Pakistanı daha çox asimmetrik cavab variantlarına – taktiki nüvə silahları, ballistik və qanadlı raketlərin sayının artırılması, eləcə də Çinlə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə sövq edə bilər. Bu isə regionda sabitliyi möhkəmləndirməkdən çox, qarşılıqlı etimadsızlığı gücləndirir.
Digər tərəfdən, Hindistanın silahlanması təkcə Pakistan amili ilə izah olunmur. Çinlə strateji rəqabət Yeni Dehlinin hərbi planlaşdırmasında getdikcə daha mühüm yer tutur. Hind okeanında Çin donanmasının fəallaşması, Himalaylar boyunca hərbi infrastrukturun genişləndirilməsi Hindistanı dəniz və hava qüvvələrinə xüsusi diqqət ayırmağa məcbur edir. Bu kontekstdə Almaniya ilə sualtı qayıqlar üzrə planlaşdırılan 10 milyard dollarlıq müqavilə Hindistanın regional deyil, artıq qlobal dəniz gücü olmağa iddialı olduğunu göstərir.
Beləliklə, Hindistanın rekord hərbi büdcəsi Cənubi Asiyada qüvvələr nisbətini kəskin şəkildə dəyişir. Lakin bu dəyişiklik avtomatik olaraq regional təhlükəsizliyin möhkəmlənməsi demək deyil. Əksinə, Pakistanın məhdud imkanlar daxilində hərbi balansı qorumaq cəhdləri, Çin faktorunun əlavə olunması və nüvə çəkindirməsi regionu uzunmüddətli və çoxsəviyyəli risk zonasına çevirir. Bu şəraitdə silahlanmanın sürətlənməsi siyasi dialoq və etimad quruculuğu mexanizmləri ilə müşayiət olunmadıqca, Cənubi Asiyada sabitlik kövrək olaraq qalacaq.
Səbuhi MƏMMƏDOV
XQ