Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fillərin bir-birini xüsusi səslərlə çağırdığı ehtimal olunur. Alimlər müəyyən ediblər ki, bu nəhəng heyvanlar sürüdəki ayrı-ayrı fillərə müraciət edərkən fərqli səslərdən istifadə edə bilər.
XQ-nin məlumatına görə, tədqiqatçılar Keniyada yaşayan Afrika fillərinin 400-dən çox səsini analiz ediblər. Süni intellektdən istifadə etməklə aparılan araşdırmada bəzi səslərin konkret fillərə ünvanlandığı müəyyənləşdirilib.
Məsələn, bir fil digərinə səslənərkən həmin heyvanın çıxardığı səsi təkrarlamır. Bunun əvəzinə ona aid olduğu ehtimal edilən xüsusi bir çağırışdan istifadə edir. Digər fil həmin səsi eşitdikdə isə ona uyğun reaksiya verir.
Bu xüsusiyyət alimlərə fillərin bir-birini fərqləndirən, insanlardakı ada bənzər çağırışlardan istifadə edə biləcəyini düşünməyə əsas verir.
Bununla belə, tədqiqatçılar bu səslərin tam olaraq insanlardakı “ad” anlayışına uyğun olduğunu hələ təsdiqləmirlər. Onların fikrincə, bunun müəyyən edilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Araşdırmanın nəticələri fillərin mürəkkəb sosial münasibətlərə malik olduğunu və bir-biri ilə düşündüyümüzdən daha fərqli üsullarla ünsiyyət qurduğunu göstərir.