Final yolunda prinsipial oyun

22.04.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı məlum olacaq. “Sabah” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. Matça saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməyib – 2:2.

“Qarabağ” 2024-cü ilin sentyabrından “Sabah”ı məğlub edə bilmir. Qurban Qurbanovun yetirmələrinin “bayquşlar” üzərindəki sonuncu qələbəsi ötən mövsümün əvvəlinə təsadüf edir. Həmin görüş “atlılar”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb.

Tərəflər arasında bundan sonra baş tutan 8 oyunda “Sabah” 3 qələbə qazanıb, 5 görüş heç-heçə başa çatıb. Komandalar ötən həftəsonu çempionat matçında üz-üzə gəlib və bu matçı da “Sabah” qazanıb – 1:0.

“Sabah”la oyun “Qarabağ” üçün artıq prinsipial xarakter daşıyır. “Futuristlər” liqada son çempionu 13 xal qabaqlayır və liderdir. Taxtdan düşmək üzrə olan “Qarabağ” mövsümü kubokla başa vurmaq və Avropa Liqasına vəsiqə qazanmaq üçün bu matçda mütləq qələbə hədəfləyir.

“Sabah”a qarşı son duellərdəki uğursuz seriyanı bitirmək niyyətində olan “atlılar”da problemlər var. Müdafiəçilər Abbas Hüseynov və Elvin Cəfərquliyevin əsas komandadan kənarlaşdırılması, bəzi futbolçuların fikrinin transfer söhbətlərində qalması “atlılar”ın enişinə səbəb olub. Çempionlar Liqasında böyük güc sərf edən və tarixində ilk dəfə turnirdə pley-off oynayan ilk Azərbaycan komandası olan “Qarabağ” ÇL-ə vida etdikdən sonra toparlanmaqda çətinlik çəkir. Mövsümün yorğunluğu komandanın üzərinə çöküb və qeyri-stabil nəticələr yaranmaqdadır.

“Sabah”la oyun “Qarabağ” adına mövsümü xilas etmək üçün xüsusi əhəmiyyətlidir. Ölkə kubokunu qazanan komanda Avropa Liqasına vəsiqə əldə edəcək. “Qarabağ” üçün titulun digər prestiji də məhz budur.

“Sabah” isə indiki məqamda daha rahat tərəfdir. Bu mövsüm əldə edilən nəticələr komanda haqda xoş fikirlər yaradıb və əla forma yığan “bayquşlar” mövsümü iki titulla – “qızıl dubl”la bitirmək arzusundadır.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью