futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycan Kubokunun qalibi məlum olacaq. Həlledici görüşdə “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək.
“Sabah” kubokun son qalibidir. “Bayquşlar” bu mövsüm Premyer Liqanı da qazanıb və ölkə kubokunda da titul qazanmaqla “qızıl dubl” etmək arzusundadır.
“Zirə” isə buna qədər iki dəfə final oynayıb və uduzub. Rəşad Sadıqovun yetirmələri daha öncə “Qarabağ”la duellərdən məğlub ayrılıb.
Ölkə kuboku “Zirə”nin avrokuboklara vəsiqə qazanması üçün demək olar, son şansdır. Komanda liqada 5-ci sıradadır və dördüncü pillədəki “Neftçi”dən üç xal geridədir. “Ağ-qaralar” yaxşı forma yığıb və sona iki tur qalmış geriləyəcəyi çətin görünür. Bu səbəbdən “Zirə” üçün kubok mövsüm adına həlledici məqamdır.
Komandaların son durumlarına nəzərən “Sabah” bir addım öndə görünür. Daha keyfiyyətli heyətə sahib olan “bayquşlar” hücumda effektiv oyunu ilə seçilir. “Zirə” isə kompakt müdafiəsi ilə ön plana çıxır. “Qartallar” böyük ehtimalla oyunu əks-hücumlar üzərində quracaq və ələ düşən şanslardan maksimum yararlanmağa çalışacaq.
Bu mövsüm “Sabah” və “Zirə” üç dəfə üz-üzə gəlib. Bu görüşlərin ikisində “Sabah” qələbə qazanıb, bir dəfə isə bərabərlik qeydə alınıb. “Bayquşlar” bu matçlarda 8 qol vurub, “qartallar” isə 2 dəfə fərqlənib.
Final bir oyundan ibarətdir və proqnoz vermək olduqca çətindir. “Sabah” favorit görünə bilər, lakin “Zirə” də nəticəyə oynamağı bacarır və matçın əlavə vaxta, penaltilər seriyasına qədər getmək variantı da var.
Heyətlərə gəlincə, “Sabah”da ciddi itki yoxdur. “Zirə”də isə müdafiəçi Enrike və yarımmüdafiəçi Hacıağa Hacılı zədə səbəbindən finalı buraxacaq.
“Palms Sports Arena”da baş tutacaq matça saat 20:00-da start götürəcək.
Şahin Cəfərov