Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
(Həyat dərsi)
İş həyatında mühüm yerlər tutmuş bir qrup məzun universitetdəki müəllimlərindən birinə qonaq getmişdirlər. Ordan-burdan söhbət etdikdən sonra söz işin meydana gətirdiyi streslərdən və problemlərdən düşdü. Yaşlı müəllim qonaqlarına qəhvə süzmək üçün mətbəxə keçdi və əlində müxtəlif ölçülərdə və müxtəlif rənglərdə fincanlar geri qayıtdı. Fincanları masaya qoyub tələbələrindən fincanlarını götürməyi xahiş etdi. Hər kəs öz fincanını götürdükdən sonra kreslosunda əyləşdi. Bir qədər sonra müəllim dedi:
- Bilmirəm, fikir verdiniz yoxsa yox, ancaq ən gözəl, ən bahalı fincanların hamısını götürdünüz. Masada ancaq ən sadə, ən ucuz fincanlar qaldı. Əlbəttə ki, bir şeyin ən gözəlini, bəlkə də ən bahalısını istəmək təbiidir. Ancaq bayaq bəhs etdiyiniz streslərin və problemlərin əsas səbəbi də elə budur. Əslində, hamınızın istədiyi fincan yox, qəhvədir. Ancaq şüurlu olaraq bir-birinizin götürdüyü fincanlara baxdınız və ən gözəl, ən bahalı fincanları götürməyə çalışdınız. Həyat qəhvədirsə, iş, vəzifə və pul... isə fincandır. Bunlar həyatda yaşamaq üçün bir vasitədir. Ancaq həyatın keyfiyyəti bunlara görə dəyişmir. Diqqətimizi fincana verdiyimiz, içindəki qəhvəni unutduğumuz üçün isə streslərimiz, problemlərimiz başlayır…
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Murad Məmmədov