Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Aqrar sığorta isə fermerləri itkilərdən qoruyur
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkəmizdə meyvə bağçılığının inkişaf etdirilməsi və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.
Bu səbəbdən də Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini, tarla bitkilərini və meyvə bağlarını qorumağa, dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Hazırda Azərbaycanda istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biri də fındıqdır. Son bir neçə ildə ölkədə fındıqçılıq sürətlə inkişaf edərək əsas ixrac sahələrindən birinə çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il Azərbaycandan xaricə 150-170 milyon dollarlıq fındıq ixrac edilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022–2026-cı illərdə fındıq ixracı ölkəmizə 640 milyon dollara yaxın gəlir gətirib. Ötən il isə Azərbaycandan xaricə ümumi dəyəri 170,7 milyon dollar olan 19 min ton fındıq ixrac edilib. Beynəlxalq statistika göstərir ki, Azərbaycan dünyada fındıq ixracı üzrə ilk yerlərdən birini tutur.
Adətən, quru iqlimə uyğunlaşan fındıq bağları ölkənin müxtəlif ərazilərində yerləşir. Ümumilikdə, Azərbaycanda fındıq bağlarının sahəsi 79 min hektara çatır ki, onlardan da 60 min hektarı bar verir. Hər il fermerlər bu sahələrdən 66-68 min ton fındıq tədarük edirlər. Mütəxəssislərin fikrincə, fındıq bağlarının məhsuldarlığı rayonlardan və bağlara qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 10-25 sentnerə (1-2,5 ton) çatır. Ümumilikdə isə, ölkə üzrə fındıq bağlarının orta məhsuldarlığı 11 sentner təşkil edir.
Ölkəmizdəki fındıq bağlarının, təxminən, 20 min hektarı Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Bu isə bütün ölkə üzrə əkinlərin 30 faizi deməkdir. Təkcə Xaçmaz rayonunda 11 min 148 hektar fındıq bağı mövcuddur. Ölkədə fındıq bağlarının sahəsi hər il 500–600 hektar artır. Bu sahədə əsas inkişaf isə işğaldan azad olunmuş bölgələrdə müşahidə edilir.
İxrac və daxildə emal imkanları sayəsində fındıqçılıq Azərbaycanda ayrı-ayrı bölgələrin rifahında böyük rol oynayır. Bu sahədən əldə olunan gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Üstəlik, son illər qiymətlərdə baş verən artımlar sayəsində bu sahə yüksək gəlirlilik nümayiş etdirir və bağ sahiblərinə gəlir gətirir. Bununla belə, baş verə biləcək təbiət hadisələri fındıq bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirlərinin kəskin azalmasına səbəb ola bilər. Söhbət dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu və digər sığorta hadisələrindən gedir. Belə risklərdən qorunmaq üçün aqrar sığorta mexanizmi fermerlərə mühüm imkanlar yaradır.
Yeri gəlmişkən, Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsidir. Bu da fındıq bağlarının sahiblərinə əkinlərini Aqrar Sığorta Fondu vasitəsilə dövlət dəstəyi əsasında sərfəli şərtlərlə sığortalamaq imkanı yaradır.
Hesablamalara əsasən, Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə, təxminən, 26 manata başa gələ bilər. Qeyd edək ki, hesablama zamanı hektardan 1,2 ton məhsul götürülməsi və fındığın sahədə satış qiymətinin kiloqram üçün 3 manat olması əsas götürülüb. Bu halda gözlənilən məhsulun sığorta dəyəri 3 min 600 manat təşkil edir. Region üzrə 1,45 faiz sığorta tarifi əsasında ümumi sığorta haqqı, təxminən, 52 manat hesablanır. Bunun da 26 manatını dövlət ödəyir, qalan məbləğ isə fermerin payına düşür.
Beləliklə, fermer nisbətən kiçik məbləğ ödəməklə gözlənilən məhsulu müqavilədə nəzərdə tutulan sığorta risklərindən qoruya bilər. Sığorta haqqının dəqiq məbləği bağın göstəricilərinə və tətbiq olunan sığorta şərtlərinə uyğun müəyyənləşdirilir. Başqa sözlə, fermer 3 min 600 manatlıq fındıq məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 26 manat ödəyir. Bu məbləğ isə fındıq bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır.
Xatırladaq ki, 1 hektar məhsuldar fındıq bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 800-1200 manat səviyyəsindədir. Nəticədə, 26 manatlıq sığorta haqqı bağa qulluq xərcinin cəmi 2-3 faizi qədər olur. Göründüyü kimi, fermer fındıq bağını sığortalamaq üçün bağa çəkdiyi xərcdən 30-50 dəfə az vəsait sərf edir.
Mirbağır YAQUBZADƏ
XQ