Finlandiya körfəzində Dəniz Kosmik Monitorinq Mərkəzi yaradılacaq

28.01.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finlandiya Sərhəd Mühafizəsi Baltikyanı ölkələr və Avropa Komissiyası ilə birlikdə Finlandiya körfəzində vacib sualtı infrastrukturu qorumaq üçün Dəniz Kosmik Monitorinq Mərkəzi yaradır.

"Cebheinfo.az" xəbər verir ki, mərkəz sabotaj aktlarının qarşısını almaq məqsədilə gəmilərin sürətində və ya marşrutunda baş verən qeyri-adi kənarlaşmaları izləyəcək. 

Bu çərçivədə dəniz dibinə yerləşdiriləcək sensorlar vasitəsilə anomaliyaların aşkar edilməsi, dəniz hərəkətinin real vaxt rejimində təhlili üçün süni intellektdən istifadə olunması və müttəfiqlərlə gəmi məlumatlarının paylaşılması nəzərdə tutulur.

Bundan əlavə, Finlandiya mərkəzin inkişafı üçün Avropa İttifaqından maliyyə vəsaiti tələb etməyi planlaşdırır.
Almaniya rəsmiləri mərkəzin işində iştirak etməyə maraqlı olduqlarını artıq ifadə ediblər. 

Baltik bölgəsindəki gərginlik fonunda Almaniya dəniz şəraitini izləmək üçün "General Atomics" firmasından 1.52 milyar avro dəyərində 8 ədəd “MQ-9B SeaGuardian” pilotsuz dəniz kəşfiyyat aparatı sifariş edib.

Bu aparatlar Şimal dənizi və Baltik dənizinə nəzarət etmək üçün Nordholzdakı "Graf Zeppelin" hərbi dəniz donanmasında yerləşdiriləcək.

Pilotsuz uçuş aparatları 2025-ci ilin noyabrında Almaniyaya gələn 8 ədəd “P-8A Poseidon” dəniz patrul təyyarəsi donanmasını tamamlayacaq.

Xatırladaq ki, zamanla Baltik dənizinin dibi boyunca uzanan elektrik kabellərinə, fiber optik xətlərinə və qaz boru kəmərlərinə bir neçə dəfə ziyan dəyməsindən sonra Baltikyanı ölkələr yüksək hazırlıq vəziyyəti elan ediblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью