Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Finlandiyanın paytaxtı Helsinkidə tamamilə ənənəvi sauna mədəniyyətinə həsr olunmuş unikal ada fəaliyyətə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "TimeOut" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Helsinki uzun illərdir dizayn məhəllələri, zəngin qəhvə mədəniyyəti və ictimai saunaları ilə turistlərin diqqətini cəlb edir. Şəhərin məşhur Kotiharjun Sauna və müasir üslubda inşa edilmiş Löyly sauna komplekslərinə indi daha bir qeyri-adi məkan əlavə olunub.
Saunasaari ("Saunalar adası") adlanan yeni kompleks iyunun 26-da rəsmi istifadəyə verilib və artıq ilk ziyarətçilərini qəbul edir.
300-dən çox adadan ibarət Helsinki arxipelaqında yerləşən Saunasaari ənənəvi Fin sauna mədəniyyətinə tam həsr olunmuş ilk ada hesab olunur.
Kompleksdə bir neçə fərqli sauna fəaliyyət göstərir. Burada Helsinkidə yeganə olan ənənəvi tüstülü sauna, həmçinin şəhərə mənzərə açılan iki taxta isti vannadan istifadə etmək mümkündür.
Saunadan sonra ziyarətçilər Baltik dənizinin sularına girərək sərinləyə bilərlər.
Ada həm fərdi tədbirlər üçün icarəyə verilir, həm də sauna və şam yeməyini özündə birləşdirən xüsusi proqramlar təşkil olunur. Buraya Helsinki şəhərinin Mərkəzi Bazar Meydanından (Market Square) yola düşən su taksisi ilə və ya şəxsi qayıqla getmək mümkündür.
Avqustun 8-dək hər cümə və şənbə günləri su taksisi saat 17:00-da qonaqları adaya aparır. Proqrama sauna istirahəti və adada yerləşən RÖK yay restoranında şam yeməyi daxildir. Şəhərə dönüş isə saat 21:00-da həyata keçirilir.
Ziyarətçilərə ət və ya vegetarian menyusu seçmək imkanı təqdim olunur. Tam proqramın qiyməti adambaşına 128 avro təşkil edir. Adaya şəxsi nəqliyyat vasitəsi ilə gələnlər üçün isə proqramın qiyməti 108 avrodur.
İstəyə bağlı olaraq şam yeməyinə 34 avro əlavə ödəniş müqabilində şərab menyusu sifariş etmək mümkündür. Dəsmalın icarəsi isə 10 avroya başa gəlir. Buna görə təşkilatçılar ziyarətçilərə öz dəsmallarını gətirməyi tövsiyə edirlər.
Günay