Firəngiz Əlizadə: Qara Qarayev mənim üçün həmişə böyük şəxsiyyət, müəllim və ustad olaraq qalacaq

04.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Qara Qarayev həmişəyaşar dahi bəstəkardır. O, mənim müəllimim idi, amma bununla yanaşı, son dərəcə böyük bir şəxsiyyət kimi yaddaşımda qalıb. Onun biliyini, səviyyəsini heç kimlə müqayisə edə bilmirəm. Çünki oxumadığı kitab yox idi – tarixə, fəlsəfəyə, riyaziyyata və daha neçə-neçə sahəyə böyük maraq göstərirdi. Bütün bunlar onun geniş dünyagörüşünün tərkib hissəsi idi. Bizə də hər yay uzun bir siyahı təqdim edirdi və deyirdi: “Bu kitabları mütləq oxumalısınız. O zaman əsərləriniz tamamilə başqa səviyyədə olacaq”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə deyib.

Professor vurğulayıb ki, o, konservatoriyada Qara Qarayevin tələbəsi olub və daha sonra iki il aspiranturada təhsil alıb: “Aspiranturanı bitirdikdən sonra da əlaqəmiz qırılmadı. Həmişə yeni əsərlərimlə onun yanına gedirdim, yazdıqlarımı ifa edir, fikirlərini alır və xeyir-duasını qazanmağa çalışırdım. Çünki o, mənim üçün həmişə böyük şəxsiyyət, müəllim və ustad olaraq qalacaq”, – deyə Firəngiz Əlizadə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью