Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Yer oxu, göy oxu
Yer oxuna, göy oxuna təkərdi eşq,
Leyli yoxdu, Məcnun yoxdu – bikardı eşq,
Yeddi dağın o üzündə şikardı eşq,
Kim ona səyyad olmadı?
Yola çıxdıq, mən piyada, sənsə atlı,
“Yar ol” deyib bəxt quşuna nişan atdım,
Nə məndən bu sevdaya bir haray çatdı,
Nə səndən imdad olmadı.
Kimə yoxdan bəxt yazılır, kimə vardan,
Yazda güldən payım yoxdur, qışda qardan,
Aqil sanıb muğayat oldun əğyardan,
Məndən muğayat olmadın.
Adımıza kim atdı bu yanlış püşkü?
Öz əlinlə hicrana tapşırdın eşqi.
Məmməd qızı, sən Şirin deyilsənmiş ki,
Firidun Fərhad olmadı...
“Əğyar” “qeyri” sözünün cəmidir
“Əğyar” “qeyri” sözünün cəmidir, “yad, kənar, rəqib” mənasındadır, aşiqin rəqibləri çox olur...
Mən sevməyə başlayanda
Hər tindən bir əğyar çıxdı.
Mənim sevda yolçuluğum
Düşdü dalandan-dalana,
Bir ünvana məgər çıxdı?
Əğyar birdi, ikidimi?
Heç yolumdan çəkildimi?
Gah ağır çəkili oldu,
Gah millət vəkili oldu,
Gah iribuynuzlu məmur –
Vəzifəli əğyar ilə
Məgər ayaqlaşmaq olur?
Alnına ki yazılmayıb,
Mən nə bilim kim əğyardı?
Var kim – yollarda-yollarda.
Dəvə ömrüm eşq yükünü
Çəkir yollarda-yollarda.
Sən və dostların
Leylidi, Şirindi, Əsli, bir də sən,
Sevə də bilmirsiz əməlli-başlı.
Biz sizi sevirik, siz – kimi?
Nədən?
Bu necə tərəzi, bu necə daşdı?
Leylidi, Şirindi, Əsli, bir də sən,
Deyəsən, bir bezin qırağısınız.
Sizə kim söyləyib, kim deyib, lütfən,
Guya başımızın ağasısınız?
Surəti, məxrəci hayana çəksən,
Sevginin tənliyi elə köhnədir.
Leylidi, Şirindi, Əsli, bir də sən
Əvvəlcə vurulmaq, sevmək öyrənin.
Sənin ağ-qara şəklin
Dünən yenə tənha idim,
sən yoxsan, mən hara gedim?
dünyanın sözünü dedim
sənin ağ-qara şəklinə.
Qoltuq cibimdə taxtı var,
hara getsəm diyar-diyar
gözlərim axtarar, baxar
sənin ağ-qara şəklinə.
Neynirəm əlvan rəngləri?
bu şəklin xoşuma gəlir.
baxdıqca gözüm dincəlir
sənin ağ-qara şəklinə.
Mən unutmam əhdi, andı
sən də unutma, amandı.
rəngli şəkillər qurbandı
sənin ağ-qara şəklinə.
Meteohəssas şeir
Səs eşitdim... həm səs idi, həm qeyri-səs...
M. Araz
Sən bir qeyri-sabit hava!
Qoymazsan ki, sevim səni.
Şeyda-şeyda günlərimi
Ayağına səpim sənin.
Sən bir qeyri-sabit hava,
Mən də bir az qeyri-adi.
Gecikmiş sevgi yaşadıq,
İradi, qeyri-iradi...
Sən bir az qeyri-səlissən,
Mənim də halım qeyridi.
Otuz il sonra qovuşan
Sevgilər qeyri-sevgidi.
Adı gizlin, gecə yarı
Bu zəngini necə yozum?
Umayra xanım nə deyir –
Nədir hava proqnozu?
Sən bir qeyri-sabit hava,
Bu halını sevirəm mən.
Qeyri-səslə bu danışan
Həm sən idin, həm qeyri-sən.
Heç bilmirəm, bu istəyin
Kim düzüdür, kim əyrisi.
Bakıdan xəbər gətirməz
“Badi-səbadan qeyri”si.
Bakıda qeyri-iş günü,
Amsterdamda gecə yarı.
Sən yatırsan indi yəqin,
Yuxuda gör məni barı.
Alo, şarjım bitir...
Biliyorum, sana giden yollar kapalı...
Cemal Süreya
Alo! Üzü Dönmüş!
Həsrətimin şarjı bitir,
Bir xatirə ilə
məni şarj elə,
Məsələn, belə:
De ki, “Mən trolleybusları çox sevirdim,
Ötən günlərimizin
trolleybus kimi
buynuzları çıxıb elektrik xəttindən,
qalıb Şeyx Şamil küçəsində... yoxuşda...”.
Ay nə xoşdu!
Ya da Mesencerə bir söz yaz,
Şarj yığım sözündən.
Öpüm gözündən!
Eyham ilə yaz,
Mən başa düşərəm...
Neçə illərdi
qeyri-sabit hava şəraitində yaşayıram.
Səni mən
iqlim fəsadı kimi ömrümdə daşıyıram.
Ya da şəbəkə hesabında o köhnə şəklini qoy,
ən dərdli şəklini –
Orda ki, payız küləyi sitəmlə dağıdır telini,
Orda ki, xəstə atanın çiyninə qoymusan əlini...
Qoş məni dərd-sərinə.
Ya da köhnə bir kadr kimi
televizorda görün,
Rişxəndlə baxaraq
Hətərən-pətərən danışan ərinə...
Bilirsən ki, məni şarj etməyə
kiçik bir epizod yetir.
Alo! Üzü Dönmüş!
Məni şarj elə,
Axır zamanlar tez-tez şarjım bitir...