Firma dərmanları və həkim faizi Şirkətlər apteklərlə işləyirlər: AÇIQLAMA

27.01.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər apteklərdə satılan bəzi bahalı dərman preparatlarının reseptlərdə daha tez-tez yer alması cəmiyyətdə ciddi suallar doğurur. Xəstələr və onların yaxınları eyni təsirli daha ucuz alternativlər mövcud olduğu halda, niyə məhz bahalı dərmanların təyin edildiyi ilə maraqlanırlar. Bəzi hallarda “həkim faizi” kimi tanınan qeyri-rəsmi mexanizm mövcuddur. Bu mexanizm çərçivəsində müəyyən dərman firmalarının nümayəndələri həkimlərlə gizli razılaşmalara gedir, qarşılığında isə konkret preparatların daha çox yazılması təmin olunur. Nəticədə həkimlərin resept seçimində elmi və tibbi meyarlar deyil, kommersiya maraqları ön plana çıxır. Bu zaman əsas zərərçəkən isə birbaşa xəstələrdir. Bu vəziyyət xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən və uzunmüddətli müalicəyə ehtiyacı olan şəxslər üçün ciddi sosial problemə çevrilir. Reseptlərin yalnız tibbi göstərişlər və beynəlxalq müalicə protokolları əsasında yazılması lazımdır.  
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlama verib.
O deyib ki, bütün bu münasibətlərdə mövcud olan deviasiyalar və bu cür neqativ hallar əsasən qanunvericilikdəki boşluqlardan qaynaqlanır:
“Bu məsələlər həkimlər tərəfindən deyil, daha çox aptek işçiləri tərəfindən yönləndirilir. Səhiyyə Nazirliyinin bir qərarı var ki, dərmanlar yalnız kimyəvi tərkib əsasında yazılmalıdır. Bəli, dərmanlar kimyəvi tərkib əsasında təyin olunur, lakin apteklərdə onlar müxtəlif firmaların adları altında satılır. Məsələn, aptekdə yazılan dərmanla bağlı aptek işçisi deyir ki, “bundan daha yaxşısı var” və ya “bu yoxdur, əvəzedicisi mövcuddur”. Məhz bu məqamda korporativ maraqlar ön plana çıxır”.
O qeyd edib ki, artıq həkimlərin yanına firmaların nümayəndələri gəlmir:
“Onlar apteklərlə daha fəal və effektiv şəkildə işləyirlər və öz maraqlarını da bu yolla həyata keçirə bilirlər. Bütün bunların qarşısını almağın yolu isə əslində qayda və qanunun düzgün tətbiqindən keçir. Ölkəyə daxil olan dərman preparatlarını müəyyən bir sistemə salmaq, onları icbari tibbi sığortanın baza paketinə daxil etmək lazımdır ki, bu sahədə korporativ maraqlar aradan qalxsın və problem kökündən həll olunsun. Bunun başqa alternativ yolu yoxdur”.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью