Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Donald Trampı tez-tez dəstəkləyən Slovakiyanın Baş naziri Robert Fitso Davos sammiti zamanı AB liderlərinə ABŞ Prezidentinin “ruhi sağlamlığından narahat olduğunu" bildirib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri avropalı diplomatlara istinadla məlumat yayıb.
Mənbələr qeyd edir ki, Slovakiya Baş naziri bu sözləri bir neçə AB lideri və yüksək vəzifəli rəsminin iştirak etdiyi ayrıca qeyri-rəsmi görüşdə deyib. İki diplomatın sözlərinə görə, Fitso ABŞ Prezidenti ilə 17 yanvarda Mar-a-Laqo malikanəsində şəxsi görüşü zamanı davranışlarını təsvir etmək üçün "o, təhlükəlidir" sözünü işlədib. Trampın həmin görüşdə Fitsoya nə dediyi və nədən onun bu cür təsirləndiyi bəlli deyil.
Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, bu deyilənlər uydurmadır: “Mar-a-Laqodakı görüş müsbət və məhsuldar keçib".
Buna baxmayaraq, bir avropalı diplomat Fitsonun Trampla görüşündən "travma almış" kimi göründüyünü bildirib.
Fitsonun açıqlamaları olmadan belə, Avropa liderləri və yüksək vəzifəli şəxslər ABŞ Prezidentinin "gözlənilməzliyi" ilə bağlı çox narahatdırlar: “ABŞ Prezidentinin sağlamlığı ilə bağlı narahatlıqlar bütün səviyyələrdə sürətlə getdikcə daha çox müzakirə olunan mövzuya çevrilir".
79 yaşlı Tramp bu həftə "New York Magazine" jurnalına verdiyi açıqlamada idrak funksiyasına təsir edən hər hansı bir xəstəliyinin olmasını qətiyyətlə inkar edib və alzheimer xəstəliyindən əziyyət çəkmədiyini bildirib.
“AzPolitika.info”