Fiziki aktivlik insanları daha xoşbəxt edir Alimlər

22.11.2026

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdmanla məşğul olmaq insanı yalnız sağlam etmir, həm də onun psixoloji vəziyyətinə müsbət təsir göstərərək xoşbəxtlik hissini artırır. Alimlər müəyyən ediblər ki, fiziki aktivliyin müsbət təsirinin üçdə birindən çoxu insanlarda ruh düşkünlüyünün və başqalarından geri qalmaq hissinin azalması ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Nankin Pedaqoji Universitetinin psixoloqlarının “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmasında bildirilib.

Tədqiqatçılar Çinin 28 əyalətini əhatə edən ümumölkə sorğusunun nəticələrini təhlil ediblər. Araşdırmaya yaşı 18-94 arasında dəyişən 6090 nəfər cəlb olunub. İştirakçılardan nə qədər tez-tez idman etdikləri, özlərini nə dərəcədə xoşbəxt hiss etdikləri və hansı sıxlıqla ruh düşkünlüyü yaşadıqları soruşulub.

Respondentlərin orta yaşı 52 olub. Onların dörddə üçündən çoxu özünü xoşbəxt və ya kifayət qədər xoşbəxt hesab edib. Bununla yanaşı, iştirakçıların təxminən 37 faizi son bir il ərzində heç bir fiziki məşqlə məşğul olmadığını bildirib.

Alimlər gəlir, yaş, təhsil, sağlamlıq vəziyyəti və ailə vəziyyəti kimi amilləri də nəzərə alıblar. Buna baxmayaraq, fiziki aktivliklə xoşbəxtlik arasındakı müsbət əlaqə özünü qoruyub.

İdman ruh düşkünlüyünü və müqayisə hissini azaldır

Araşdırmanın ətraflı təhlili göstərib ki, fiziki məşqlər halların 62 faizində xoşbəxtliklə birbaşa əlaqəlidir. Digər hallarda isə bu təsir dolayı psixoloji mexanizmlər vasitəsilə yaranır.

Belə ki, təxminən 19 faiz hallarda idman insanın özünü başqalarından geri qalmış və ya daha əlverişsiz vəziyyətdə hiss etməsini azaldır. 17 faiz hallarda isə ruh düşkünlüyü zəifləyir. Təxminən 3 faiz hallarda fiziki aktivlik əvvəlcə sosial müqayisədən qaynaqlanan narahatlığı azaldır, daha sonra xoşbəxtlik hissini birbaşa artırır.

Tədqiqat müəllifləri bunu idmanın sosial tərəfi ilə əlaqələndirirlər. Xüsusilə komanda şəklində keçirilən məşqlər insanda kollektivə aidlik hissini gücləndirir. Belə olduqda insan diqqətini başqalarının uğurları ilə müqayisəyə deyil, öz nailiyyətlərinə və komandaya verdiyi töhfəyə yönəldir.

Bundan başqa, idman zamanı özünəinamın artması, bədən üzərində nəzarət hissi və komanda yoldaşlarının dəstəyi də mənəvi vəziyyətə müsbət təsir göstərir. Fiziki hərəkət beyində əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən endorfin və dopaminin ifrazını da stimullaşdırır.

Həftədə nə qədər idman etmək tövsiyə olunur?

Beynəlxalq araşdırmalar da fiziki aktivliyin depressiya riskini azaltdığını göstərir. Məlumatlara əsasən, tövsiyə olunan fiziki aktivlik normasının yarısına əməl etmək depressiya riskini 18 faiz, normanı tamamlamaq isə 25 faiz azalda bilər.

Yetkin insanlara həftədə 150-300 dəqiqə orta intensivlikli aerob fiziki fəaliyyət və ya 75-150 dəqiqə yüksək intensivlikli məşq tövsiyə olunur.

Beləliklə, müntəzəm fiziki hərəkət yalnız bədənin sağlamlığını qorumaq deyil, həm də psixoloji rahatlığı və həyat məmnunluğunu artırmaq üçün əlçatan vasitələrdən biri hesab edilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью