Fiziki fəaliyyətlər sağlamlığı qoruyurmu?

31.01.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elmi araşdırmalar göstərir ki, gündə cəmi iki dəqiqə davam edən intensiv fiziki fəaliyyət erkən ölüm riskini 18 faizə qədər azalda bilir. Mütəxəssislər vurğulayırlar ki, qısa müddətli, lakin təsirli hərəkətlər xroniki xəstəliklərlə mübarizədə müasir tibbin ən güclü vasitələrindən birinə çevrilib.

Ölkə.az xəbər verir ki, gündə yalnız iki dəqiqə ayrılan yüksək intensivlikli fəaliyyətlərin insan ömrünü uzatmaqda oynadığı mühüm rol qlobal miqyasda aparılan geniş araşdırmalar nəticəsində üzə çıxıb.

Bu tapıntılar oturaq həyat tərzinin yaratdığı sağlamlıq risklərini azaltmaq üçün saatlarla idman zalında vaxt keçirməyi zəruri edən düşüncəni də aradan qaldırır və tibb dünyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sidney Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada Böyük Britaniyanın Biobank məlumatları əsasında 71 mindən çox yetkin şəxsin hərəkət vərdişləri 7 il ərzində izlənilib.

European Heart Journal jurnalında dərc olunan nəticələrə görə, həftə ərzində ümumilikdə 15 dəqiqə (gündə təxminən 2 dəqiqə) davam edən yüksək intensivlikli fəaliyyət bütün səbəblərdən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırma həmçinin ürək-damar xəstəlikləri və xərçəng hallarındakı azalmanın bu qısa, lakin intensiv hərəkətlərlə birbaşa əlaqəli olduğunu ortaya qoyub.

Araşdırmanın əsas müəllifi, Sidney Universitetinin mütəxəssisi Dr. Matthew Ahmadi bildirib ki, əldə olunan nəticələr vaxt azlığını bəhanə edən insanlar üçün əsl dönüş nöqtəsidir.

Dr. Ahmadi qeyd edib ki, bədənin sərhədlərini zorlayan bu qısa intensiv hərəkətlər ürək-damar sağlamlığını yaxşılaşdırmaq və orqanizmdə iltihabı azaltmaq üçün kifayət qədər hüceyrəvi reaksiyanı işə salır.

Harvard Tibb Fakültəsinin epidemioloqu Dr. I-Min Lee isə hərəkətin müddətindən çox intensivliyinin önəmli olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, pilləkənləri sürətlə qalxmaq və ya avtobusa çatmaq üçün qısa müddətli qaçış kimi gündəlik fəaliyyətlər bədəndə “metabolik şok” effekti yaradır və bu da həyat keyfiyyətini və ömrün uzunluğunu artırır.

Mütəxəssislər bildirirlər ki, “2 dəqiqə qaydası” üçün idman zalına getməyə ehtiyac yoxdur. Gündəlik rutinə daxil edilən aşağıdakı fəaliyyətlər kifayətdir:

Pilləkənləri sürətli tempdə qalxmaq

Qısa məsafələrdə sürətli qaçışlar etmək

Ev işlərini yüksək tempdə görmək

Qeyd olunur ki, bu cür qısa, lakin intensiv hərəkətlər ürək döyüntüsünü müəyyən səviyyədən yuxarı qaldıraraq metabolizmanı aktiv saxlayır.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью