Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın məşq bazasında yeni trenajor zalının tikintisi yekunlaşmaq üzrədir. Layihə komandanın baş məşqçisi Hans Flik və onun məşqçilər korpusunun təşəbbüsü ilə həyata keçirilir.
İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların hazırlığı üçün daha rahat şərait yaradılması məqsədilə infrastrukturun yenilənməsində israr edib. Əsas tələblərdən biri trenajor zalının məşq meydançalarının yaxınlığında yerləşdirilməsi olub.
Əvvəllər futbolçular idman kompleksinin başqa hissəsində yerləşən zalda məşq etməli olurdular. Yeni zal meydandakı çalışmaların, güc hazırlığının və bərpa prosedurlarının vahid məşq prosesi çərçivəsində təşkilinə imkan verəcək. Bununla da futbolçuların bir məkandan digərinə keçidinə sərf olunan vaxt azalacaq.
Əsas tikinti işləri, demək olar, başa çatıb. İndi klub lazımi avadanlıqları quraşdırmalı və zalı istifadəyə hazırlamalıdır.
“Barselona” futbolçularının millilərin oyunları ilə əlaqədar fasilə başa çatdıqdan dərhal sonra yeni zalda məşqlərə başlayacağı gözlənilir.