Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la keçirilən oyunda (4:1) əsəbiləşməsinin səbəbini açıqlayıb.
QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında Azərbaycan təmsilçisinin qolundan sonra verdiyi reaksiyadan danışıb.
Komandasının dördüncü qolundan az sonra qapısında qol görən Flik əsəbiləşərək gödəkçəsini çıxarıb ehtiyat oyunçular skamyasına atmışdı.
“Çox istilənmişdim, ona görə də gödəkçəmi çıxardım”, – deyə Flik istehza ilə bildirib.
Daha sonra mütəxəssis əsəbiləşməsinin əsl səbəbini açıqlayıb:
“Oyuna nəzarət edirdik. Sonda “Vilyarreal”la matçda olduğu kimi, səhvə yol verdik. Həmişə daha az səhv etməkdən danışırıq, amma bəzən belə hallar olur. Buna görə əsəbiləşmişdim”.
“Sabah”ın qolundan sonra topa da zərbə vuran Flik həmin epizodla bağlı deyib:
“Topu meydana vurmaq istədim, amma sonra düşündüm ki, buna görə məni meydandan kənarlaşdıra bilərlər”.
Almaniyalı məşqçi ümumilikdə komandasının Bakıdakı çıxışından razı qaldığını bildirib:
“Oyun müsbət keçdi. Matça yaxşı münasibətlə, diqqətimizi tam cəmləyərək başladıq. Bu qədər uzaq səfərdə oynayanda ən vacib olan da budur. Bu, Çempionlar Liqasıdır və bütün komandalara hörmət etməlisən. Məqsədimiz qalib gəlmək idi və buna nail olduq. 4:1 hesabı ilə deyil, 4:0 hesabı ilə qalib gəlməyi üstün tutardım. Buna görə də əsəbiləşdim”.