Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan dilinin saflığının qorunması təkcə dilçilik və yaxud mədəniyyət sahəsinin problemi deyil. Bu, birbaşa milli kimlik, dövlətçilik və tarixi yaddaş məsələsidir. Prezident İlham Əliyevin həm AMEA-nın 80 illik yubileyindəki proqram xarakterli çıxışında, həm də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər əslində müasir Azərbaycan humanitar elmləri üçün strateji yol xəritəsidir. Prezident çox aydın şəkildə vurğuladı ki, dil milləti millət edən əsas amildir və Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur. Bu mövqe bizim üçün həm elmi, həm də mənəvi baxımdan əsas istinad nöqtəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev deyib. O bildirib ki, folklorşünaslıq baxımından yanaşsaq, Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın kollektiv yaddaşının, dünyagörüşünün, mədəni davranış kodlarının daşıyıcısıdır. Folklor mətnləri - nağıllar, dastanlar, bayatılar, atalar sözləri, mərasim mətnləri Azərbaycan dilinin ən saf, ən təbii nümunələridir. Bu mənada folklor dilin “canlı sistemi”dir, desək, məncə yanlış olmaz. Xalq əsrlər boyu müstəmləkəçilik şəraitində yaşasa da, məhz folklor vasitəsilə öz dilini, düşüncə tərzini və milli özünüdərkini qoruyub saxlayıb. Prezidentin də vurğuladığı kimi, bu, xalqımızın böyüklüyünün və mədəni müqavimət gücünün bariz göstəricisidir.
Bu gün qloballaşma, internet və sosial şəbəkələr vasitəsilə dilə daxil olan yad sözlər günümüzün reallığıdır. Lakin burada əsas məsələ bu prosesin kortəbii şəkildə deyil, milli mədəni şüur əsasında idarə olunmasıdır. Dövlət başçısının da vurğuladığı kimi, xarici sözlər dilimizi zənginləşdirmir, əksinə, damcı-damcı milli kimliyi sarsıdır. Düşünürük ki, folklor təfəkkürü bu baxımdan mühüm bir filtr rolunu oynaya bilər. Çünki folklor dili normativ qaydalarla formalaşmış süni dil deyil, xalqın əsrlər boyu yaşantısı, dünyagörüşü və kollektiv yaddaşı əsasında təşəkkül tapmış milli emosional-ekspress dildir. Folklorun leksikası, sintaksisi, obrazlılığı və semantik strukturu Azərbaycan dilinin daxili imkanlarının nə qədər geniş, çevik və ifadəli olduğunu nümayiş etdirir. Məhz bu təbii dil təcrübəsi milli dil şüurunun qorunmasında, yad təsirlərin ayırd edilməsində etibarlı mədəni mexanizm kimi çıxış edə bilər. Odur ki, ədəbi dilin, eləcə də gündəlik ünsiyyət dilinin zənginləşməsində xalqın milli kimliyinin dərin qatlarını özündə ehtiva edən folklor mətnlərinin böyük potensialı vardır.
H. Quliyev əlavə edib ki, folklor yalnız mətn yox, intonasiya, ritm, metafora və kollektiv emosiyadır – bunlar isə yad dil strukturlarına ən çox həssas olan elementlərdir. Yəni istər ölkə daxilində, istərsə də xaricdə yaşayan azərbaycanlılar üçün yad dil və yad mədəni təsirdən qaçmağın mühüm şərtlərindən biri təbii ünsiyyət, milli intonasiya və ritm, kollektiv kimlik və s. milli stereotiplərin şüuri və qeyri-şüuri şəkildə yaşadığı folklor mənbələrinin potensialından istifadənin genişləndirilməsidir. Folklor mətnlərindəki təbiilik təkcə milli dillə bağlı deyildir. Burada dil mətnin üst qatıdır. Mətnin alt qatı vasitəsilə ötürülən informasiyada isə milli kimlik, Prezident İlham Əliyevin də vurğuladığı kimi “milləti millət edən” dəyərlər sistemi mövcuddur. Odur ki, hazırkı qloballaşma və virtuallaşma çağında milli dilin və milli kimliyin təhlükəsizliyinin təmin olunmasında milli folklor təfəkkürü, xalq düşüncə sistemi böyük potensiala malikdir. Bu baxımdan, dilin qorunmasına yönəlik praktiki fəaliyyət iki mərhələ təşkil edə bilər: Birincisi, yad dil və yad mədəni təsirin aşkarlanması, ikincisi, yad dil və yad mədəni təsirə qarşı milli, daxili immunitet sisteminin formalaşdırılması.
Biz “folklor təfəkkürü “filtr” rolunu oynaya bilər” fikrini deyərkən, folkloru yad təsirlərin seçilməsi və ayırd edilməsində etibarlı mədəni mexanizm kimi irəli sürürük. Eyni zamanda, hesab edirik ki, dil, davranış, düşüncə və s. səviyyələrdə yad mədəni təsirdən qorunmağın mühüm amillərindən biri olan folklor təfəkkürü dilin daxili immunitetini üzə çıxarır. Necə ki, immunitet sistemi orqanizm üçün yad və təhlükəli elementləri tanıyır və onlara qarşı müqavimət formalaşdırır, folklor təfəkkürü də dil üçün milli düşüncə sisteminə yad olan təsirləri sezərək onları ayırd etməyə imkan verir.
"Nəticə etibarilə demək olar ki, folklor təfəkkürü Azərbaycan dilinin tarixi yaddaşda sınaqdan çıxmış təbii formalarına söykənərək, qloballaşma şəraitində dilin milli kimliyini qorumağa xidmət edən təbii-mədəni süzgəc funksiyasını yerinə yetirir. Burada söhbət inzibati nəzarətdən və ya normativ məhdudiyyətlərdən deyil, xalqın əsrlər boyu formalaşmış düşüncə və ifadə vərdişlərinə əsaslanan daxili seçmə mexanizmindən gedir.
Şübhəsiz ki, dilin saflığının qorunması yalnız qadağalarla və ya inzibati mexanizmlərlə deyil, milli dil şüurunun formalaşdırılması ilə mümkündür ki, bu istiqamətdə də folklorun potensialından istifadə aktualdır. Xüsusilə gənc nəsil üçün folklor nümunələrinin müasir formatlarda – rəqəmsal platformalarda, vizual və interaktiv vasitələrlə təqdim edilməsi Azərbaycan dilinə marağı artırmaqla yanaşı, onu gündəlik ünsiyyətdə yaşadan amilə çevirə bilər.
Ümumilikdə, demək istərdim ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dilçi alimlərin işi deyil. Bu, yazıçıların, jurnalistlərin, folklorşünasların, ümumilikdə ziyalıların və cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Prezidentin dediyi kimi, əgər biz əsrlər boyu müstəmləkəçilik şəraitində dilimizi qoruya bilmişiksə, bu gün müstəqil dövlət şəraitində onu qorumaq bizim borcumuzdur. Folklor isə bu müqəddəs missiyanın həm tarixi dayağı, həm də gələcəyə yönəlmiş ən etibarlı mədəni yaddaş mexanizmidir",- deyə H.Quliyev fikrini yekunlaşdırıb.