“Forbes”: Putinin üç ili qalıb

30.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ukraynadakı müharibə səbəbindən çətin durumla üzləşən Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə daha üç ildən artıq qala bilməyəcəyi ehtimal olunur.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Forbes” yazır.

Nəşrin fikrincə, hakimiyyət dəyişikliyi ilə bağlı mümkün ssenarilər sürətli sui-qəsddən tutmuş məhkəmə prosesinədək dəyişə bilər. Buna səbəb kimi Ukraynanın yeni hücumları, Rusiyada mümkün daxili iğtişaşlar və ya Çinin Moskvaya dəstəyini dayandırması göstərilir.

“Forbes” xatırladır ki, Rusiyada son yüz ildə iki dəfə hakimiyyət dəyişikliyi hərbi kampaniyaların fonunda baş verib. Məsələn, Birinci Dünya müharibəsi və SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı.

Nəşrin yazdığına görə, Putinə təzyiqlər artdıqca, ətrafındakı siyasi elita da öz gələcəyi barədə düşünməyə başlayır. Rusiya cəmiyyətinin ilk növbədə ölkədəki problemlərə görə Putinin yaxın çevrəsini günahlandıracağı, onların prezidenti vəziyyətin real mənzərəsini görmək və problemləri həll etmək imkanından məhrum etdiyini düşünəcəyi ehtimal edilir. Məhz buna görə də, nəşrin fikrincə, hakim elita qorxu səbəbindən orduda mümkün qiyam baş verməmişdən əvvəl özü üsyana qalxa bilər.

“Forbes” vurğulayır ki, Putinin şəxsi təhlükəsizliyini təmin edən öz mühafizə strukturları mövcuddur. Bunlara Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyinin Qoşunları, Rusiya Milli Qvardiyası, eləcə də birbaşa mühafizə, polis və digər xidmətlərdə çalışan təxminən 30 min əməkdaş daxildir. Mənbənin iddiasına görə, bu güc strukturları uzun illərdir bir-biri ilə rəqabət aparır, bu gərginlikdən yarana biləcək vətəndaş müharibəsi ehtimal olunan ssenarilərdən biridir.

Nəşr qeyd edir ki, Putinin hakimiyyətinin necə başa çatacağı, əsasən, bu prosesin hansı məqsədlə həyata keçiriləcəyindən asılı olacaq. “Forbes” hesab edir ki, Putinin sürətlə öldürülməsi və bundan sonrakı hakimiyyət mübarizəsi onun çevrəsi reaksiya verməzdən əvvəl təhlükəni erkən mərhələdə neytrallaşdıracaq. Amma bu halda onu hakimiyyəti dövründə törədilmiş bütün cinayətlərə görə məsul şəxs kimi nümayişkaranə məhkəmə qarşısına çıxarmaq, bununla da sistemin digər nümayəndələrinin məsuliyyətdən yayınmasına imkan vermək mümkün olmazdı.

Nəşr bunu “Çauşesku ssenarisi” adlandırır. Rumıniyanın keçmiş diktatoru yüksək rütbəli hərbçilərin qərarı ilə qısa müddətdə edam edilmiş, ətrafındakı siyasi elita isə formal demokratik sistem çərçivəsində ölkəni idarə etməyə davam etmişdi. “Forbes” əlavə edir ki, belə ssenarilərin mümkünlüyünü Putinin uzun illər yaxın müttəfiqi və dostu hesab edilən keçmiş müdafiə naziri Sergey İvanovun müəmmalı ölümü də göstərir. O, iyunun 26-da 73 yaşında vəfat edib, uzun müddət Putinin mümkün varisi kimi qiymətləndirilib.

Nəşr yazır: “Belə hadisələr Putin üçün problemlər yaradır. Potensial rəqiblər sürətlə aradan götürüldükcə, digərləri də özlərini təhlükədə hiss etməyə başlayır və qabaqlayıcı addımlar atmağa çalışırlar”.

“Forbes”in qənaətinə görə, artan paranoya şəraitində müxtəlif hadisələr böhranı sürətləndirə bilər. Bunlara Ukraynanın Moskvaya daha genişmiqyaslı hücumları, ərzaq çatışmazlığı, Tatarıstan, Başqırdıstan və Çeçenistan kimi regionlarda separatçı aktivlik, eləcə də Ukrayna qüvvələrinin Krıma daxil olması aid edilir.

Məqalədə həmçinin vurğulanır ki, Çinin mövqeyi mühüm amil olaraq qalır. Pekin Putinin zəifləməsinin öz maraqlarına uyğun olduğuna qərar versə, hərbi dəstəyi dayandırmaq və ya digər addımlar vasitəsilə onun hakimiyyətinin sonunu sürətləndirə bilər.

Məqalənin sonunda belə deyilir: “Putinin hakimiyyətdə qalacağı günlər sayılıdır. Əgər mövcud tendensiya davam etsə və ya daha da pisləşsə, onun üç il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalı yüksəkdir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью