Formula 1 Azərbaycana pul gətirir, yoxsa xərc yaradır?

26.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Formula 1-in Bakı mərhələsi hər il minlərlə xarici qonağı Azərbaycana cəlb edən böyük beynəlxalq tədbirlərdən biridir. Yarışın keçirilməsi ölkə üçün ciddi xərclər tələb etsə də, turist axını, hotellərin doluluğu, iaşə və xidmət sektorunda aktivliyin artması əlavə iqtisadi gəlir yarada bilər. Bu dəfə Formula 1-in Bakıya real maliyyə yükünü və ölkə iqtisadiyyatına verdiyi töhfəni rəqəmlərlə araşdırdıq.

İqtisadçı Akif Nəsirli Modern.az-a bildirib ki, Mastercard-ın 2025-ci il üzrə məlumatına görə, Azərbaycan Qran-prisi həftəsində beynəlxalq gəlişlər əvvəlki dövrlə müqayisədə 87 faiz, turistlərin xərcləri 77 faiz, əməliyyatların sayı isə 85 faiz artıb.

"Hotel bronları iki dəfədən çox yüksəlib, restoran xərclərində isə 140 faizdən çox artım qeydə alınıb. Bakı Şəhər Halqası tərəfindən açıqlanan PwC araşdırmasına görə, 2016-cı ildən Bakıda keçirilmiş ilk iki Qran-prinin ümumi birbaşa və dolayı iqtisadi təsiri 277,3 milyon dollar olub. Bunun 164,2 milyon dolları birbaşa, 113,1 milyon dolları isə dolayı gəlirlər təşkil edib. Birbaşa gəlirlərin 22,7 milyon, dolayı gəlirlərin isə 14,9 milyon dolları turizm sektorunun payına düşüb”.

Akif Nəsirli bildirib ki, hotel doluluğunun artması üçün də əsaslar var. 2025-ci ildə Azərbaycanda xarici turistlərin hotel gecələmələri 11,3 faiz artıb və onların 81,1 faizi Bakının payına düşüb. Bakıda hotel otaqlarından istifadə səviyyəsinin 36,9 faiz olması isə Formula 1 kimi böyük tədbirlərin mövcud boş tutumun bir hissəsini qısa müddətdə doldura bildiyini göstərir. 2025-ci il Qran-prisinə 14 mindən çox xarici ziyarətçinin gəldiyi, biletlərin 115 ölkədə satıldığı və həftəsonu 90 mindən çox tamaşaçının iştirak etdiyi bildirilir.

Onun sözlərinə görə, Formula 1-in iqtisadi təsirini yalnız bilet və hotel gəlirləri ilə ölçmək olmaz. Xarici turistlərin restoran, nəqliyyat, avtomobil icarəsi, alış-veriş, əyləncə və digər xidmətlərə xərcləri ilə yanaşı, yarışın təşkili zamanı logistika, təhlükəsizlik, texniki xidmət, reklam və digər sahələrdə də əlavə dövriyyə yaranır.
2026-cı il Qran-prisinin 26 sentyabrda keçirilməsi və yarış həftəsində müxtəlif tədbirlərin, o cümlədən konsertlərin təşkili turistlərin Bakıda daha uzun müddət qalmasına şərait yarada bilər.

“Lakin 277,3 milyon dolları dövlət büdcəsinə daxil olan və ya xalis mənfəət kimi təqdim etmək olmaz. Bu rəqəm birbaşa və dolayı iqtisadi təsiri ifadə edir. Formula 1-in real maliyyə səmərəsini müəyyənləşdirmək üçün təşkilati və infrastruktur xərcləri, təhlükəsizlik, yolların bağlanması ilə bağlı mümkün biznes itkiləri və digər xərclər də nəzərə alınmalıdır. Buna görə əsas məsələ Formula 1-in yaratdığı iqtisadi dövriyyənin onun təşkilinə çəkilən ümumi xərclərlə müqayisəsidir”, – iqtisadçı deyib.

Bakı Şəhər Halqasının mətbuat xidməti sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı 16 mini keçərək rekord həddə çatıb. Ötən il isə yalnız Formula 1 yarışını izləmək məqsədilə Azərbaycana 14 mindən çox xarici turist səfər edib. 2024-cü ildə aparılan araşdırmaya əsasən, bilet alan azarkeşlərin 77 faizi xarici ölkələrdən olub və onların 93 faizi Bakıya məhz Qran-Pri üçün gəldiyini bildirib.

Artan azarkeş tələbatı ilə əlaqədar Bakı Şəhər Halqasında yeni tribuna istifadəyə verilib və ümumi tamaşaçı tutumu 21 mini keçib. Son üç ildə dörd yeni tribuna quraşdırılıb, ümumi tutumda 6 mindən çox yer artırılıb. 2025-ci ildə yarış həftəsonunda 90 mindən çox iştirak qeydə alınıb.

Qurumun məlumatına görə, Formula 1 ölkədə turizm, hotelçilik və nəqliyyat sektorlarında iqtisadi aktivliyi artıraraq əlavə gəlir imkanları yaradır. Xarici qonaqların səfərləri hotel, restoran, nəqliyyat, ticarət və digər xidmət sahələrində iqtisadi fəallığın artmasına səbəb olur. Qran-Prinin hazırlıq və yarışdan sonrakı demontaj mərhələlərində 1400-dən çox mühəndis, texnik, montajçı və logistika mütəxəssisi çalışır. Yarış həftəsi ərzində isə tədbirin təşkilinə 1500 nəfərlik işçi heyəti, 2000 könüllü və 1100 marşal cəlb olunur.

Mətbuat xidmətinin məlumatına görə, bu göstəricilər Azərbaycan Qran-Prisinin ölkə üçün yalnız böyük idman tədbiri olmadığını, eyni zamanda turizmə, xidmət sektoruna və məşğulluğa iqtisadi töhfə verdiyini göstərir. Eyni zamanda, yarış Bakının beynəlxalq turizm məkanı kimi tanıdılmasına və Azərbaycanın xarici auditoriyaya daha geniş şəkildə təqdim olunmasına imkan yaradır.

Nicat Rüstəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью