Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Formula-1 üzrə Azərbaycan Qran-prisinin Bakıda keçirilməsinin artıq 10 illik tarixə çatması paytaxtın beynəlxalq idman və turizm xəritəsində qazandığı mövqenin göstəricilərindən biridir. On il əvvəl Bakıda keçirilən ilk yarışla başlayan proses tədricən daha geniş məzmun kəsb edib. Bu gün Azərbaycan Qran-prisi həm də Bakının beynəlxalq miqyasda tanıdılması, turizm potensialının nümayiş etdirilməsi və şəhər iqtisadiyyatının müxtəlif sahələrində fəallığın artırılması baxımından mühüm platformaya çevrilib.
Bakı dünyanın ən nüfuzlu avtomobil yarışlarından birinə 10-cu dəfə ev sahibliyi etməyə hazırlaşır. Paytaxtın tarixi memarlığı ilə müasir şəhər infrastrukturu arasında yaranan vəhdət Formula-1 üçün özünəməxsus məkan formalaşdırıb. İçərişəhərin tarixi küçələri, Xəzər sahili, Bakı bulvarı və müasir şəhər panoramı ilə əhatə olunan tras dünyanın ən güclü pilotlarının və komandalarının mübarizəsinə səhnə olmaqla yanaşı, Bakının milyonlarla tamaşaçıya nümayiş etdirilməsinə imkan yaradır. Məhz bu xüsusiyyət Azərbaycan Qran-prisini digər mərhələlərdən fərqləndirən mühüm amillərdəndir.
Təxminən, 6 kilometrlik Bakı Şəhər Halqasında yarışan pilotların mübarizəsi televiziya və rəqəmsal platformalar vasitəsilə dünyanın müxtəlif ölkələrinə yayımlanır. Beləliklə, yarışın auditoriyası yalnız tribunadakı tamaşaçılarla məhdudlaşmır. Bakının adı, şəhərin görüntüləri və Azərbaycanın müasir siması geniş beynəlxalq auditoriyaya çatdırılır.
Qeyd edək ki, Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə Formula-1 Dünya Çempionatının mərhələsinə ev sahibliyi edib. Həmin il “Avropa Qran-prisi” adı ilə keçirilən yarış sonrakı illərdə Azərbaycan Qran-prisi kimi Formula-1 təqviminin seçilən mərhələlərindən birinə çevrilib. Ötən on il ərzində Bakı trasında baş verən bir sıra maraqlı və gözlənilməz hadisələr yarış tarixində xüsusi yer tutub. Bunun nəticəsində Azərbaycan Qran-prisi təkcə idman mübarizəsi ilə deyil, həm də şəhər mühiti və yarışın özünəməxsus xarakteri ilə Formula-1 azarkeşlərinin diqqətini cəlb edib.
Yubiley Qran-prisinin əhəmiyyəti isə yalnız yarışın keçirilməsi ilə ölçülmür. Son illərdə Bakıda yarış infrastrukturunun genişləndirilməsi və tamaşaçı imkanlarının artırılması istiqamətində ardıcıl işlər görülüb. Son üç ildə dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu 6 mindən çox yer artırılıb. Yeni tribunaların istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tamaşaçı tutumu 21 mini ötüb. 2025-ci ildə keçirilən Azərbaycan Qran-prisinin yarış həftəsonunda 90 mindən çox iştirakın qeydə alınması da tədbirə olan marağın miqyasını göstərir.
Formula-1-in Azərbaycan üçün mühüm tərəflərindən biri onun xarici turist axınına təsiridir. Yarış günlərində ölkəyə gələn xarici qonaqların hotellərdə yerləşməsi, restoran, nəqliyyat, ticarət və digər xidmətlərdən istifadə etməsi şəhərin xidmət sektorunda əlavə fəallıq yaradır. Bu mənada Qran-prinin iqtisadi səmərəsi yalnız bilet satışlarından və tədbirin təşkilindən əldə olunan gəlirlə məhdudlaşmır. Yarış ətrafında formalaşan turist xərcləri bütövlükdə şəhərin iqtisadi dövriyyəsinə təsir göstərir.
2025-ci ildə Azərbaycan Qran-prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonağın səfər etməsi bu baxımdan diqqətəlayiq göstəricidir. Biletlərin dünyanın 115 ölkəsində satılması isə yarışın beynəlxalq auditoriyasının coğrafiyasını göstərir. Həmin il yarış həftəsonunda 90 mindən çox ziyarətin qeydə alınması Azərbaycan Qran-prisinin ölkənin turizm sektorunda yaratdığı əlavə hərəkətin miqyasını nümayiş etdirir. 2026-cı ildə də xarici azarkeşlərin marağı yüksək olaraq qalır və yubiley Qran-prisi üçün xarici qonaqlara satılan biletlərin sayı artıq ötən ilin göstəricisini keçib.
2024-cü ilin göstəriciləri də Formula-1-in xarici turistlərin Bakı səfərində oynadığı rolu aydın şəkildə ortaya qoyur. Həmin il Qran-priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Xarici azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula-1 olduğunu bildirib. Bu rəqəmlər göstərir ki, Qran-pri müəyyən auditoriya üçün Bakıya səfər etmək qərarını formalaşdıran əsas amillərdən birinə çevrilib.
Burada başqa bir mühüm məqam da var: Formula-1-in turizmə təsirini yalnız yarış günlərində Bakıya gələn turistlərin sayı ilə qiymətləndirmək kifayət deyil. Əslində, bu tədbirin şəhər üçün yaratdığı ən mühüm üstünlüklərdən biri uzunmüddətli tanıtım effektidir. Yarışın beynəlxalq televiziya kanallarında, xəbər platformalarında və sosial şəbəkələrdə işıqlandırılması Bakının turizm məkanı kimi tanıdılmasına xidmət edir. Yarış zamanı şəhərin tarixi abidələri, Xəzər sahili və müasir memarlığı milyonlarla insanın diqqətinə çatdırılır. Bu auditoriyanın müəyyən hissəsinin gələcəkdə Bakıya turist kimi gəlməsi isə Formula-1-in dolayı, lakin mühüm nəticələrindən biridir.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-prisi paytaxtın beynəlxalq turizm imkanlarının tanıdılmasında mühüm rol oynayır. Yarış günlərində dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlərin sayının artması hotellər, restoranlar, nəqliyyat, ticarət və digər xidmət sahələrində iqtisadi fəallığı yüksəldir. Qran-prinin milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəltdiyini bildirən Kənan Quluzadə tədbirin təkcə idman yarışı deyil, həm də Bakının turizm potensialını nümayiş etdirən beynəlxalq platforma olduğunu vurğulayıb.
Əslində, Formula-1-in Bakıya gətirdiyi əsas üstünlüklərdən biri də şəhərin fərqli simasının eyni vaxtda təqdim olunmasıdır. Bakının qədim və müasir görkəmi yarışın dinamikası ilə birləşir. İçərişəhərin tarixi mühiti, Xəzərin sahili və müasir şəhər panoramı dünyanın müxtəlif ölkələrində yayımlanan yarış görüntülərinin ayrılmaz hissəsinə çevrilir. Bu isə Azərbaycan paytaxtının klassik turizm təqdimatından fərqli, daha dinamik və müasir obrazının formalaşmasına şərait yaradır.
Digər tərəfdən, Formula-1 Bakıda yeni xidmət standartlarının və tədbir turizminin inkişafına da təsir göstərən amillərdəndir. Böyük beynəlxalq tədbirin keçirilməsi nəqliyyat, hotelçilik, iaşə, təhlükəsizlik, logistika, könüllülük və digər xidmət istiqamətlərində koordinasiyanın yüksək səviyyədə təşkilini tələb edir. Bu təcrübə şəhərin yalnız Formula-1 deyil, gələcəkdə digər iri beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını da gücləndirir.
Azərbaycan Qran-prisinin 10 illik tarixi göstərir ki, Formula-1 artıq Bakının beynəlxalq şəhər brendinin mühüm elementlərindən birinə çevrilib. Yarış paytaxtın turizm imkanlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanı müasir idman, tədbir və turizm məkanı kimi təqdim edir. Bu baxımdan Qran-prinin əhəmiyyətini yalnız üç günlük yarış həftəsonu çərçivəsində qiymətləndirmək doğru olmazdı. Onun yaratdığı beynəlxalq informasiya effekti, turist axını, xidmət sektorunda canlanma və şəhərin qlobal tanıtımı daha uzunmüddətli nəticələr doğurur.
Bakı artıq Formula-1 təqvimində sadəcə yarışın keçirildiyi şəhər deyil. Onun tarixi küçələri, Xəzər sahili, müasir memarlığı və şəhər trası Azərbaycan Qran-prisinə özünəməxsus sima qazandırıb. Sürət və tarixin eyni məkanda birləşməsi Bakını dünya idman auditoriyası üçün fərqləndirdiyi kimi, şəhərin turizm imkanlarının təqdimatı üçün də mühüm üstünlük yaradır. Qarşıdakı yubiley Qran-prisi bu baxımdan yalnız 10 illik yarış tarixinin növbəti səhifəsi deyil, Bakının beynəlxalq turizm məkanı kimi mövqeyini daha da möhkəmləndirmək üçün yeni imkan olacaq.
Mustafa KAMAL
XQ