Formula 1 i 16 mindən çox xarici turist izləyəcək

24.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Bakı Qran-Prisi ilə əlaqədar paytaxta gələn turistlərin sayı 16 mini keçib. Bu göstərici əvvəlki iki illə müqayisədə daha yüksəkdir”.

Bu barədə XQ-yə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Arzu Hüseynova məlumat verib. O bildirib ki, hazırda turistlərin Bakıya gəlişi davam edir və onların yekun sayı yaxın zamanda daha dəqiq açıqlanacaq: “Artıq bu rəqəmlərin 16 mini keçdiyini vurğulamaq istərdim. Bu, əvvəlki iki illə müqayisədə daha yüksək göstəricidir”, – deyə Arzu Hüseynova qeyd edib.

Milli mətbuat katibinin sözlərinə görə, son üç ildə Bakı Qran-Prisinə artan maraq nəzərə alınaraq, dörd yeni tribuna quraşdırılıb. Həmin tribunaların ümumi oturacaq sayı 21 mindən çoxdur: “Dörd günlük bilet sahibləri həm yarışı izləyə, həm də Bulvar ərazisində, Dənizkənarı Milli Parkda yaradılan əyləncə zonalarından yararlana bilərlər. Eyni zamanda, onlar konsert proqramlarında da iştirak edə bilərlər”, – deyə A.Hüseynova bildirib.

Onun sözlərinə görə, hər il 300-dən çox yerli və xarici media nümayəndəsi Bakı Qran-Prisini işıqlandırır. Bu isə yarışın beynəlxalq miqyasda təbliği ilə yanaşı, Azərbaycanın və Bakının dünyada tanıdılması üçün də imkan yaradır: “Yarış həftəsində, demək olar ki, bütün dünyanın diqqəti Azərbaycana, xüsusilə də Bakıya yönəlir”.

Tacir SADIQOV
Cavid QAÇAYEV (foto)
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью