Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ferrari” komandasının rəhbəri Fred Vasser 2026-cı ildə “Formula-1”də qüvvəyə minəcək yeni texniki reqlamentlər fonunda komandaları gözləyən əsas çətinliyi açıqlayıb.
İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis ən böyük problemin şassi, güc qurğusu və digər bütün sistemlərin, o cümlədən pilotların bir-biri ilə tam uyğun şəkildə işləməsinin təmin edilməsi olduğunu bildirib.
Qeyd edək ki, Lyuis Hemilton və Şarl Leklerk Fioranoda keçirilən texniki yoxlama yürüşündə SF-26 bolidi ilə ilk dəfə tanış olublar. “Ferrari”nin yeni avtomobili yanvarın 27-də Barselonada keçiriləcək qapalı testdə ilk rəsmi yürüşünü edəcək.
Vasser həm şassi, həm də mühərrik tərəfdə dəyişikliklərin miqyasının çox böyük olduğunu vurğulayıb və bildirib ki, sınaqlar ərəfəsində əsas hədəf bütün sistemlərin effektiv işləməsidir:
“Düşünürəm ki, performansın açarı şassi ilə güc qurğusunun yaxşı inteqrasiyası olacaq. İnkişaf hər sahədə həlledici rol oynayacaq. Amma sonda ən böyük çağırış bütün sistemlərin, o cümlədən pilotların bir-biri ilə uyğunlaşdırılmasıdır”.
“Ferrari” rəhbəri əlavə edib ki, yeni reqlamentlər pilotların həftəsonuna yanaşmasını və sürmə tərzini də dəyişəcək:
“Bu, pilotlar üçün tam yenidən başlanğıc olacaq. Onlar yarış həftəsonuna yanaşmanı, avtomobili inkişaf etdirmə üsulunu və hətta sürmə stilini dəyişməli olacaqlar. Bu çətindir, amma bizim işimizin bir hissəsi onlara maksimum səviyyəyə çatmaq üçün doğru alətləri verməkdir”.
Vasserin sözlərinə görə, bütün komandalar faktiki olaraq sıfırdan başlayır və bu, həm “Ferrari”, həm də rəqiblər üçün maraqlı və motivasiyaedici bir prosesdir.