Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Formula-1” üzrə dünya çempionatında 2027-ci ildən etibarən yarışların məsafəsi qısaldılacaq.
İdman.Biz xəbər verir ki, “Formula-1” Komissiyasının qərarına əsasən, Qran-prilərin standart məsafəsi 305 kilometrdən 290 kilometrə endiriləcək. Bu, trasdan asılı olaraq yarışların təxminən iki-üç dövrə qısalması deməkdir. Dəyişiklik 2027-ci il üçün güc qurğuları və yanacaq sərfiyyatı qaydalarına edilən düzəlişlərlə əlaqədardır.
Bununla yanaşı, yarışların ümumi müddəti üçün qüvvədə olan üç saatlıq məhdudiyyət də ləğv ediləcək. Hazırkı qaydalara əsasən, yarış qırmızı bayraqlarla dayandırıldıqda belə, startdan üç saat keçdikdən sonra başa çatmış hesab olunur.
Yeni qaydalarda üç saatlıq limitin əvəzinə yarış fəaliyyətinin başa çatması üçün əvvəlcədən müəyyən edilmiş son vaxt tətbiq ediləcək. Bununla belə, pilotların trasda real yarış müddəti üçün nəzərdə tutulan maksimum iki saatlıq limit qüvvədə qalacaq. FIA bildirir ki, dəyişikliklər fasilələrin yarandığı Qran-prilərdə azarkeşlərə mümkün qədər tam yarış izləmək imkanı yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, dəyişikliklərin qüvvəyə minməsi üçün FIA-nın Dünya Motor İdmanı Şurasının yekun təsdiqi tələb olunur.