Forum iştirakçıları Ədəbiyyat Muzeyini ziyarət edirlər

30.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Mədəniyyətlərarası qarşılıqlı təsir məsələlərinin müzakirəsi üçün paytaxt Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq ictimaiyyətin Azərbaycana diqqətini bir daha cəlb etmək imkanı verir. Forumun iştirakçıları Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətilə yanaşı, ədəbiyyatına da xüsusi maraq göstərirlər.

Forum iştirakçılarından – Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviçin xanımı Tatyana Yosipoviç Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Ədəbiyyat Muzeyidən verilən məlumata görə, Tariximizə və ədəbiyyatımıza böyük maraq göstərən professor Tatyana Yosipoviç Zaqreb Universitetinin Hüquq fakultəsində çalışır. O, muzeyin “Ekspozisiyanın qorunması, təqdimi və rəqəmsal tətbiq” şöbəsinin müdiri Tomiris Babanlının müşayiəti ilə zəngin milli-mənəvi dəyərlərin təmsilçisi olan ədəbiyyatımız haqqında ətraflı məlumat alıb.

Qonaq, özündə qədim Azərbaycan ədəbiyyatı xəzinəsini hifz edib nəsillərə ötürən bu müqəddəs məkana bir daha qayıdacağı ümidilə ayrılarkən, muzeyin “Təəssüratlar kitabı”na da ürək sözlərini yazıb:

“Ədəbiyyat Muzeyinə belə gözəl ziyarətə görə təşəkkür edirəm. Xalqınızın ədəbiyyatı və incəsənəti məndə çox böyük təəssürat oyatdı”.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью