Fotoqrafiya sahəsində mübahisə: Birlik və Federasiya bir birini ittiham edir

03.02.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər fotoqrafiya ictimaiyyətində Azərbaycan Fotoqraflar Federasiyası (AFF) adı altında çıxış edən qurumla bağlı məlumatlar yayılmaqdadır.

Azərbaycan Fotoqrafları Birliyi (AFB) isə bir neçə gün öncə bəyanat yayaraq bildirib ki, dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən Azərbaycan Fotoqraflar Federasiyası qeyri-qanuni yolla gəlir əldə edir, AFB haqqında saxta məlumatlar paylaşır.

APA məsələ ilə bağlı tərəflərin mövqeyini öyrənib.

AFB-nin sədri: “Dedilər ki, gedin, nə istəyirsiniz, edin”

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman APA-ya bildirib ki, Azərbaycan Fotoqraflar Federasiyasının təmsilçiləri AFB-nin artıq ləğv olunduğunu, onun yerinə isə Azərbaycan Fotoqraflar Federasiyasının yaranması ilə bağlı saxta məlumat yayırlar: “Azərbaycan Fotoqraflar Federasiyası ilə bağlı iddia qaldırmağınızın səbəbi onların bizim adımızdan istifadə etməsidir. Bu məqam məni narahat etdiyinə görə Ədliyyə Nazirliyinə məktub yazdım. Nazirlikdən də bildirildi ki, dövlət qeydiyyatında belə bir qurum yoxdur. Həmin şəxsləri tanıyıram. Özləri ilə əlaqə saxlayıb, görüşə dəvət etdim. Lakin təklifimi rədd edib, görüşə gəlmədilər. Dedilər ki, gedin, nə istəyirsiniz, edin”.

AFF ianə yığır, tədbirlər keçirir

Onun sözlərinə görə, AFF ianə yığır, tədbirlər keçirir: “Federasiya xaricdə tədbirlər, müsabiqələr təşkil edərək gəlir əldə edir. Bununla bağlı hüquq mühafizə orqanlarına, eləcə də digər aidiyyəti qurumlara müraciət edəcəyik”.

Təşkilat Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyib

Amira Süleyman diqqətə çatdırıb ki, Azərbaycan Fotoqrafları Birliyi Ədliyyə Nazirliyinə “Azərbaycan Fotoqraflar Federasiyası” adlı təşkilatın hüquqi statusu ilə bağlı məlumat verilməsi barədə rəsmi qaydada müraciət edib: “Nazirliyin rəsmi yazılı cavabında bildirilir ki, bu adda hər hansı bir təşkilat Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyib və hüquqi baxımdan mövcud deyil”.

Sədr onu da qeyd edib ki, fotoqrafiya ilə bağlı Ədliyyə Nazirliyində qeydiyyatdan keçən ən azı 5 qurum olmalıdır ki, Federasiya yarana bilsin: “Azərbaycan Fotoqraflar Federasiyasının adı Azərbaycan Fotoqrafları Birliyinin adı ilə oxşar olduğuna görə Ədliyyə Nazirliyi buna razılıq verməz”.

Amira Süleyman onu da əlavə edib ki, Azərbaycan Fotoqrafları Birliyi 20 noyabr 1998-ci il tarixində Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb.

Federasiya təşkilat kimi yox, İctimai Birlik kimi fəaliyyət göstərir

Azərbaycan Fotoqraflar Federasiyasının təsisçilərindən biri, Gilavar Foto Klubunun sədri Rəşad Mehdiyev isə APA-ya bildirib ki, Federasiya təşkilat kimi yox, ictimai birlik kimi fəaliyyət göstərir: “İctimai Birliklər dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərə bilər. Bizim bank hesabımız, hüquqi statusumuz, möhürümüz yoxdur. Bank hesabımız olmadığına görə, heç bir maliyyələşmə işi apara bilmirik”.

Onun sözlərinə görə, Federasiya dövlət qeydiyyatına alınan Gilavar Foto Klub İctimai Birliyinin təsisçiləri tərəfindən yaranıb: “Federasiyanın arxasında bizim Gilavar Foto Klubu var. Gilavar Foto Klubunun isə hüquqi statusu var. Hər hansı layihə həyata keçirəndə Gilavar Foto Klubunun adından edirik. Dünya praktikasında da belədir ki, dövlət qeydiyyatına alınmadan ictimai birlik fəaliyyət göstərə bilər. Çünki onun heç bir gəliri yoxdur”.

Federasiya adından xaricdə heç bir müsabiqə, tədbir təşkil edilmir

Rəşad Mehdiyev bildirib ki, Federasiya adından xaricdə heç bir müsabiqə, tədbir təşkil edilmir: “Bizim heç bank hesabımız yoxdur. Bunu necə edə bilərik? Onlar iddia edir ki, biz ianə toplayırıq. İanəni Gilavar Foto Klubu toplayıb. Gilavar Foto Klubunun bank hesabı var. Toplanan ianələrlə bağlı Ədliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə hesabatlar təqdim etmişik. Biz xaricdə keçirdiyimiz tədbirləri Gilavar Foto Klubun adı altında etmişik”.

O, Birliyin ləğv olunub, yerinə Federasiyanın yaranması ilə bağlı iddianı da təkzib edib: “Federasiyanın əsas hədəfi Azərbaycanda foto sənətinin inkişaf etdirilməsidir. Biz nəyə görə 30 ilə yaxındır fəaliyyət göstərən foto təşkilatın ləğvi ilə bağlı yalan məlumat yayaq? Bununla bağlı sübutları varmı? Əgər yalan məlumat yaymışıqsa, niyə bizimlə əlaqə saxlayıb, dəqiqləşdirmədən birbaşa nazirliyə müraciət ediblər?”

Qeydiyyat üçün üç il əvvəl Ədliyyə Nazirliyinə müraciət olunub

Rəşad Mehdiyev bildirib ki, 3 ildir Ədliyyə Nazirliyinə qeydiyyata alınmaq üçün müraciət ediblər: “Qeydiyyat prosesi hələ tamamlanmayıb. Azərbaycan Fotoqrafları Birliyi də 1995-ci ildə yaranıb, 1998-ci ildə qeydiyyatdan keçib. Hansısa təşkilat yaranan kimi qeydiyyatdan keçmir. Bunun üçün müəyyən vaxt lazım olur. Azərbaycan Fotoqraflar Federasiyası qeydiyyata alındıqdan sonra ayrı-ayrı şəxslər yox, foto təşkilatlar Federasiyaya üzv olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью