Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AŞPA-nın son sessiyasında alman deputat Frank Şvabenin çıxışı məhz bu dairələrin narahatlığını büruzə verir. Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, onilliklər ərzində münaqişə tərəfi olmuş Ermənistan dövləti və cəmiyyəti mövcud reallığılı qəbul etdiyini və onlar üçün Qarabağ məsələsinin birdəfəlik bağlandığını dönə-dönə bəyan etdiyi halda AŞPA deputatı hələ də erməni canfəşanlığında israr edir. ABŞ Konqresində də vaxtaşırı oxşar davranışı nümayiş etdirən deputatlara rast gəlinir.
Bu cidd-cəhdlərin arxasında dayanan amillərin nə olduğunu anlamaq üçün 30 illik münaqişə dövründə bölgəmizdə baş verən hadisələrə onların yanaşmasını nəzərdən keçirmək lazımdır. Onlar 30 il ərzində ermənilərin öz müqəddaratını təyin etmə hüququndan danışıblar, Ermənistandan və Qarabağ bölgəsindən qovulmuş bir milyon azərbaycanlıların taleyi ilə bağlı isə bir cümlə də səsləndirməyiblər. 2020-ci ilin Vətən müharibəsi ermənilərin hansı hüquqlara malik olduqlarını onlara başa saldı və Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilər könüllü surətdə öz müqəddəratlarını təyin etdikləri yerə köçüb getdilər. İndi ermənilərin belə bir iddiası yoxdur. Frank Şvabbe, Frank Pallone, Adam Şiff, Brad Şerman, Luis Moreno Okampo kimi muzdlu təbliğatçılar isə onların geri qayıtmaq hüquqlarından danışırlar. Uzun müddət ABŞ Konqresində erməni məsələsinin carçısı kimi tanınmış Rodert Menendesin rüşvətxorluğu ifşa olundu və o həbs olundu. Bu yaxınlarda Luis Moreno Okamponun və onun oğlunun qalmaqallı video-yazısı yayıldı və onların erməni diasporu tərəfindən ödənilən muzdlu təbliğatçılar olduğu üzə çıxdı. Bir gün Frank Şvabe, Frank Pallone və digərlərinin də erməni maliyyəsindən kifayət qədər faydalandıqlarının sübutu ortaya çıxa bilər.
Uzun müddət siyasi korrupsiya ilə məşğul olan bu şəxslərin hər biri öz qanunsuz fəaliyyətlərini “universal insan hüquqları”, “ədalət” və “beynəlxalq hüquq” ifadələri ilə pərdələyir və demokratiya, söz və fikir azadlığı, mətbuat azadlığı kimi anlayışlardan ağız dolusu danışırlar. Frank Şvabbenin çıxışından belə görünür ki, guya onu narahat edən məsələlər ölkəmizdə insan hüquqlarının pozulması və demokratiyanın inkişaf etməməsi ilə bağlıdır. Lakin bir əsrdən çox müddət ərzində indiki Ermənistandan kütləvi şəkildə deportasiya edilmiş bir milyondan çox azərbaycanllıların hüquqlarının pozulmasını görməməzliyə vururlar. Onlar qondarma bəhanələrlə Qarabağ ərazisindən öz xoşu ilə köçüb getmiş erməniləri özləri istəmədiyi halda Azərbaycan ərazisinə geri qaytarmaq istəyirlər. Yüz ildən çox öz ata-baba torpaqlarına qayıtmaq hüququnu tələb edən Qərbi Azərbaycanlıların səsini isə eşitmək belə istəmirlər. Deməli, Frank Şvabeni narahat edən insan hüquqları və demokratiya məsələsi deyil, ermənilərin maliyyə dəstəyindən məhrum olmaq təhlükəsidir.
Bu yanaşma Frank Şvabbe kimi Avropa siyasətçilərinin beynəlxalq hüquq və ədalət anlayışına subyektiv və selektiv münasibətinin və Avropa siyasi dairələrində korrupsiyanın aşkar təzahürüdür. Bütün bunlardan sonra Avropa siyasi esteblişmentinin başqa xalqlara və dövlətlərə, xüsusilə Azərbaycana qarşı “hüquq” və “demokratiya” tələbi yalnız gülüş və ikrah doğura bilər.
Cavanşir Feyziyev
28 iyun 20256