Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Paris, 27 yanvar, AZƏRTAC
Fransada 2026-cı il dövlət büdcəsinin müzakirəsi ilə bağlı siyasi gərginlik davam edir. Baş nazir Sebastyən Lökornü hökuməti büdcə layihəsinin xərclər hissəsini qəbul etdirmək üçün Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etdikdən sonra Milli Assambleyada iki yeni etimadsızlıq təklifi ilə qarşılaşıb. Bu təşəbbüslər solçu qüvvələrin bir hissəsi və ifrat sağçı Milli Birlik (Rassemblement national RN) tərəfindən irəli sürülüb, lakin onların qəbul olunma ehtimalı aşağı qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, hökumət layihənin həm gəlirlər, həm də xərclər hissəsi üzrə 49.3 mexanizminə müraciət edib ki, bu da parlament müxalifətinin kəskin reaksiyasına səbəb olub.
Bir neçə gün əvvəl Milli Assambleya büdcənin gəlirlər hissəsi ilə bağlı iki etimadsızlıq təşəbbüsünü rədd etmişdi. Solçu qüvvələr – “Əyilməz Fransa” (La France insoumse LFİ), ekoloqlar və GDR qrupunun (kommunistlər və dənizaşırı ərazilərin nümayəndələri) təqdim etdiyi təşəbbüs cəmi 19 səs çatışmazlığı ilə qəbul olunmamışdı. Eyni ssenarinin yeni təqdim edilən iki etimadsızlıq təklifi üçün də təkrarlanacağı gözlənilir. Əgər bu təşəbbüslər də uğursuzluğa düçar olarsa, 2026-cı il maliyyə qanunu layihəsi Milli Assambleyada yeni oxunuşda qəbul edilmiş sayılacaq və Senata göndəriləcək. Senatın sənədi cümə axşamı müzakirə etməsi və dərhal rədd etməsi ehtimal olunur ki, bu da layihənin yekun oxunuş üçün sürətlə yenidən Assambleyaya qaytarılmasına imkan verəcək.
Artıq qəbul edilmiş gəlirlər bölməsinə iri şirkətlərin mənfəətinə əlavə vergi, holdinqlərə tətbiq edilən yeni rüsum və kiçik poçt bağlamalarına olan vergi daxildir. Xərclər hissəsində isə fəaliyyət müavinətinin (prime d’activité) cüzi artırılması, kənd təsərrüfatı sektoruna dəstək tədbirləri və əksər nazirliklərin büdcə xərclərinin azaldılması nəzərdə tutulur.
Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, Sebastyən Lökornü büdcə tam şəkildə qəbul edildikdən sonra kabinetdə müəyyən dəyişikliklər etməyi də nəzərdən keçirir. Bu isə yaxın vaxtlarda mümkün hökumət dəyişikliyi ilə bağlı ehtimalları gücləndirir.