Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 yanvar, AZƏRTAC
Fransa hökumət əleyhinə etirazları yatırdığına görə bir neçə İran rəsmisinə və təhlükəsizlik qüvvələrinə qarşı Avropa İttifaqının yeni sanksiyalarına səs verəcək, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu barədə Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə çıxışı zamanı deyib.
“Bu gün hökumət əleyhinə nümayişlərin yatırılmasında məsul olan şəxslərə qarşı Avropa sanksiyaları barədə razılığa gələcəyik”, - deyə o bildirib.
Jan-Noel Barronun sözlərinə görə, sanksiyalar Avropa İttifaqına girişi qadağan ediləcək və maliyyə aktivləri dondurulacaq 20-dən çox şəxs və təşkilata aiddir. Siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun və İran hökumətinin üzvləri, prokurorlar və polis orqanlarının rəhbərliyi daxildir.
“Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun da Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə edilməsini dəstəkləyəcək”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. Yanvarın 23-də İranın hakimiyyət orqanları iğtişaşlarda həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla 3 min 117 nəfərin öldüyünü təsdiqləyib. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini deyib.