Fransa başqalarına dərs keçmək əvəzinə öz problemlərini həll etməlidir” Tural Gəncəliyev

23.10.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın beynəlxalq təşkilatlarda artan rolu, nüfuzlu tədbirlərə ev sahibliyi etməsi və müstəqil siyasəti ölkənin dünya siyasətindəki mövqeyini möhkəmləndirir.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq siyasət gündəminin formalaşmasında və beynəlxalq təşkilatların fəaliyyətində mühüm rolu var. Onun sözlərinə görə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üç il ərzində sədrlik edilməsi və sammitin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu bir daha nümayiş etdirir.

T.Gəncliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq siyasətə əhəmiyyətli töhfələr verib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, Qoşulmama Hərəkatına sədrliyini, COP29 və Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsini bu uğurlar sırasında qeyd edib.

Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlər ölkənin dostlarını sevindirsə də, bəzi qüvvələri narahat edir. Onun sözlərinə görə, Ermənistan və onun havadarları, eləcə də Avropa İttifaqında və Fransada Azərbaycanın uğurlarını qəbul etmək istəməyən dairələr ölkəmizə qarşı müxtəlif məsələlərdə qərəzli mövqe nümayiş etdirirlər.

T.Gəncliyev Fransada baş verən siyasi böhranlara və iğtişaşlara da toxunub. O bildirib ki, digər ölkələrə demokratiya və insan hüquqları ilə bağlı iradlar bildirən dövlətlər ilk növbədə öz daxili problemlərinə diqqət yetirməlidirlər.

Deputatın sözlərinə görə, Fransada hökumət dəyişiklikləri və siyasi böhranlar ölkənin daxilində ciddi problemlərin mövcudluğunu göstərir. O qeyd edib ki, bu problemlərin səbəblərini kənarda, o cümlədən immiqrantlarda axtarmaq əvəzinə, Fransanın özündə baş verən prosesləri təhlil etmək lazımdır.

T.Gəncliyev çıxışında Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyinin əhəmiyyətini bir daha vurğulayıb. O, ATƏT-in Astanada keçirilən tədbirini və qurumun qərargahının qarşısında Qarabağla bağlı lövhənin yerləşdirilməsini də diqqətəlayiq məqam kimi dəyərləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью