Fransa iki iranlı diplomatı ölkədən çıxaracaq

18.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Fransa İranın iki fransız diplomata qarşı tətbiq etdiyi qadağaya cavab olaraq iki iranlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, iki iranlı diplomat yaxın günlərdə Fransanı tərk etməli olacaq. Bu qərar İranda iki fransız səfirlik əməkdaşının saxlanılması və dindirilməsindən sonra yaranmış diplomatik gərginliyin növbəti mərhələsidir.

Fransa tərəfinin məlumatına görə, iyul ayında diplomatlar İran təhlükəsizlik qüvvələri tərəfindən bir neçə saat saxlanılıb və onlardan biri fiziki zorakılığa məruz qalıb. Paris hadisəni diplomatik toxunulmazlığın ciddi şəkildə pozulması və “qəbuledilməz” təzyiq aktı kimi qiymətləndirib.

Tehran isə bu ittihamları rədd edir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, fransız diplomatlar yalnız qısa müddətə dindirilib. İran onların ölkənin daxili işlərinə “vətəndaş cəmiyyəti ilə əməkdaşlıq” adı altında müdaxilə etdiyini və bunun diplomatik normalara zidd olduğunu bildirib.

Beləliklə, Paris və Tehran arasında qarşılıqlı diplomatik tədbirlər gərginliyi daha da artırıb.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью