Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb.
"Cebheinfo.az" "Le Monde" qəzetinə istinadən verdiyi məlumata görə, Yelisey çöllərində başlayan və Milli Assambleya binasına qədər davam edən nümayişin təşəbbüskarları "Alliance" və "Unite SGP Police-FO" həmkarlar ittifaqları olub.
"Tələblər sadədir: bu gün bizə daim deyirlər ki, polisləri qiymətləndirirlər və onlara hörmət edirlər, lakin maaşların artırılması baxımından heç nə baş vermir", - deyə "Alliance"nin baş katibi Fabyen Vanhemelrik bildirib.
O qeyd edib ki, polislərin işi getdikcə daha təhlükəli olur, lakin riskə görə əlavə ödəniş 2019-cu ildən bəri artırılmayıb. Onun sözlərinə görə, həmkarlar ittifaqının nümayəndələri həmçinin Fransanın daxili işlər naziri ilə görüş tələb edirlər.
Həmkarlar ittifaqları əməkdaşların sayının artırılmasını, onların lazımi avadanlıqlarla təmin edilməsini, təhlükəsizliyin yüksəldilməsini və əlavə vəsaitin ayrılmasını istəyirlər.
Növbəti aksiya polislərin 30 iyundakı etirazlarının davamı olub. Sentyabrın 4-də həmkarlar ittifaqlarının nümayəndələri daxili işlər naziri Loran Nuneslə büdcə məsələlərinə həsr olunmuş görüşün nəticələrindən narazı qaldıqlarını bildiriblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin