Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paris, 13 noyabr, AZƏRTAC
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı siyasi mənzərəyə dair yeni rəy sorğusu açıqlanıb. “Cluster17” institutunun “Politico” üçün keçirdiyi araşdırma solçu lider Jan-Lük Melanşonun seçicilər arasında dəstəyinin 20 faiz həddini keçdiyini, Kristin Laqardın isə mümkün namizəd kimi keçmiş baş nazir Eduar Filipi cüzi fərqlə qabaqladığını göstərir.
AZƏRTAC xəbər verir ki, hazırda “Milli Birlik” (Rassemblement national RN) partiyasına rəhbərlik edən Marin Lö Pen sorğuda 30,5 faiz səslə ilk pillədə qərarlaşıb. “Əyilməz Fransa” (La France insoumise – LFI) hərəkatının qurucusu Jan-Lük Melanşon isə 20,5 faizlə ikinci yerdədir. Bu ssenaridə Avropa Mərkəzi Bankının (AMB) hazırkı prezidenti Christine Lagarde 14, Edouard Philippe isə 13,5 faiz seçici dəstəyi qazanır.
Digər siyasi fiqurların nəticələrinə gəlincə, Kann şəhərinin meri David Linar bəzi seçki ssenarilərində 10 faiz dəstək əldə edir. “Respublikaçılar” (Les Républicains) partiyasının sədri Brüno Rötayo üçün bu göstərici 5 faizdir. Keçmiş baş nazir Qabriel Attal isə mərkəzçi siyasi düşərgənin namizədi olduğu ssenaridə 11 faiz seçici dəstəyinə malikdir.
“Cluster17” institutunun prezidenti Jan-İv Dormajen Fransa mətbuatında yayılan açıqlamasında Kristin Laqardın mərkəzçi seçicilər tərəfindən kifayət qədər müsbət qarşılandığını bildirib.
Lakin Avropa Mərkəzi Bankının prezidenti hələlik prezident seçkilərində iştirak etmək niyyətini açıqlamayıb. Əksinə, sabiq iqtisadiyyat naziri Laqard sentyabrın sonunda “La Croix” qəzetinə müsahibəsində belə bir perspektivin qətiyyən yaxşı fikir olmadığını bildirmişdi.