Fransa Rusiya neftini daşıyan tankeri saxladı Zelenskinin çağırışından sonra ilk addım

23.01.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Makron: “‘Kölgə donanması” Ukraynaya qarşı aparılan aqressiv müharibənin maliyyələşdirilməsinə xidmət edir”

Fransa hərbçiləri cümə axşamı səhər saatlarında Aralıq dənizində Rusiyadan yola çıxmış neft tankerini saxlayıb.

“AzPolitika” bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron rəsmi açıqlama verib.

Makron X sosial şəbəkəsində yazıb ki, Fransa Hərbi Dəniz Qüvvələri müttəfiqlərin dəstəyi ilə, Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tankerə qalxıb. Prezidentin sözlərinə görə, sözügedən gəmi beynəlxalq sanksiyalar altındadır və başqa ölkənin bayrağı altında üzməkdə şübhəli bilinir. Makronun açıqlamasından belə anlaşılır ki, tanker neytral sularda saxlanılıb.

Fransa Prezidenti bildirib ki, hadisə ilə bağlı məhkəmə araşdırmasına başlanılıb. “Biz beynəlxalq hüquqa əməl etmək və sanksiyaların effektiv icrasını təmin etməkdə qətiyyətliyik. ‘Kölgə donanması’nın fəaliyyəti Ukraynaya qarşı aparılan aqressiv müharibənin maliyyələşdirilməsinə xidmət edir”, - deyə Makron vurğulayıb.

Fransanın Aralıq dənizi üzrə Dəniz Prefekturasının yaydığı məlumata əsasən, söhbət Murmansk limanından çıxmış “Grinch” adlı neft tankerindən gedir. Bildirilir ki, bu tanker 2025-ci ilin iyul ayında Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına salınıb. Tankerə qalxma əməliyyatında britaniyalı hərbçilərin də iştirak etdiyi qeyd olunur. Yerli dəniz hakimiyyətləri bildiriblər ki, Fransa Hərbi Dəniz Qüvvələri tankeri İspaniya ilə Mərakeş arasındakı ərazidə saxlayıb. Gəminin göyərtəsinə çıxıldıqdan sonra aparılan sənəd yoxlaması bayrağın qanuniliyinə dair şübhələri təsdiqləyib. Hazırda tanker “əlavə yoxlama üçün dayanacaq yerinə müşayiət olunur”.

Məlumata görə, tanker Komor adalarının bayrağı altında üzən gəmi kimi qeydiyyatdan keçib. Bununla yanaşı, bildirilir ki, gəmi əvvəlki dövrlərdə dəfələrlə həm bayrağını, həm də adını dəyişib.

Emmanuel Makronun Rusiya nefti daşıyan tankerin saxlanılması ilə bağlı paylaşımı Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda Dünya İqtisadi Forumundakı çıxışı ilə demək olar ki, eyni vaxta təsadüf edib.

Xatırladaq ki, Volodimir Zelenski Davosdakı çıxışında Avropa ölkələrini ABŞ-nin nümunəsini izləməyə çağırmışdı. Ukrayna Prezidenti bildirib ki, ABŞ Rusiyanın “kölgə donanması”na aid tankerləri saxlayır və onların yüklərini müsadirə edir. Zelenski vurğulayıb ki, Rusiya nefti birbaşa Avropa sahilləri boyunca daşınır və bu neft Ukraynaya qarşı müharibəni maliyyələşdirir, eyni zamanda Avropanın sabitliyini təhdid edir.

“Rusiya nefti dayandırılmalı və müsadirə olunmalıdır”, – deyə Zelenski bəyan edib.

Qeyd edək ki, Rusiyanın “kölgə donanması” dedikdə Qərb sanksiyalarından yan keçmək məqsədilə Rusiya neftini daşıyan tanker və gəmilər nəzərdə tutulur.

2025-cü ilin dekabr ayının əvvəlindən ABŞ hərbçiləri Karib dənizində sanksiyaların pozulması ilə fəaliyyət göstərən gəmilərin blokadası üzrə əməliyyat çərçivəsində yeddi tankeri ələ keçirib.

Moskva bu addımı qanunsuz adlandıraraq Vaşinqtonu beynəlxalq gəmiçiliyə təhlükə yaratmaqda və gərginliyi artırmaqda ittiham edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью