Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bu barədə Bizimyol.info xəbər portalına Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu danışıb.
O qeyd edib ki, Türkiyə baxımından məsələyə yanaşdıqda Ankaranın son dərəcə diqqətli və çoxşaxəli balans siyasəti yürüdüyü görünür. Türkiyə bir tərəfdən Ermənistanla nəzarətli normallaşma prosesini davam etdirməyə çalışır, digər tərəfdən isə Azərbaycanla strateji uyğunluğa zərər verəcək hər hansı görüntüdən yayınır.
Çünki Ankara üçün Cənubi Qafqaz siyasəti yalnız Türkiyə–Ermənistan münasibətləri üzərindən formalaşmır. Burada enerji təhlükəsizliyi, TANAP və Bakı–Tbilisi–Ceyhan kimi strateji enerji xətlərinin qorunması, Orta Dəhlizin işləkliyi, Türk Dövlətləri Təşkilatının inteqrasiyası və regional güc balansları kimi daha geniş hesablamalar mövcuddur. Son illərdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız klassik müttəfiqlik səviyyəsində inkişaf etməyib, xarici siyasət refleksləri, diplomatik koordinasiya və regional böhran idarəçiliyi baxımından da böyük ölçüdə uzlaşmış vəziyyətə gəlib.
Bu səbəbdən iddialarda yer alan “Azərbaycanla aparılan məsləhətləşmələrdən sonra bu ssenaridən imtina edildiyi” fikri doğru olsun və ya olmasın, mövcud regional balans baxımından olduqca mənalı təsəvvür yaradır.
Ekspertin fikrincə, bu proses Rusiyanın bölgədəki rolu baxımından da diqqətçəkicidir. Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqaz üzərindəki təsirinin nisbətən zəifləməsi Avropa İttifaqı və Fransa kimi aktorların bölgədə daha görünən hala gəlməsinə səbəb olub. Xüsusilə Avropa İttifaqının Ermənistan sərhədində müşahidə missiyası yerləşdirməsi, Fransanın İrəvana verdiyi siyasi dəstək və Qərbin bölgədə daha fəal davranmağa başlaması Rusiya tərəfindən diqqətlə izlənilir. İran isə şimal sərhədlərində yarana biləcək yeni geosiyasi düzəni öz təhlükəsizlik perspektivindən qiymətləndirir və xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə həssas yanaşır. Buna görə də bu gün Cənubi Qafqazda atılan hər diplomatik addım yalnız iki ölkə arasındakı münasibətləri deyil, daha geniş regional güc balansını təsirləndirmə potensialı daşıyır.
İradə Cəlil, Bizimyol.info