Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada bu il şərab istehsalının son yüz ilin ən aşağı səviyyəsinə düşəcəyi gözlənilir. Reuters xəbər verir ki, buna səbəb həddindən artıq isti hava və quraqlıqdır.
Yenilənmiş proqnoza əsasən, ölkədə şərab istehsalı 34,9 milyon hektolitr təşkil edəcək. Bu, bir ay əvvəl proqnozlaşdırılan 33,9 milyon hektolitrdən çox olsa da, ötən ilin göstəricisindən 2 faiz, 2021–2025-ci illərin orta səviyyəsindən isə 14 faiz azdır. İstehsalın azalması həm üzüm bağlarının sahəsinin kiçilməsi, həm də quraqlıq və yay istisi səbəbindən məhsuldarlığın aşağı düşməsi ilə əlaqələndirilir.
Bölgələr üzrə vəziyyət fərqlidir. Luara-Russilyon bölgəsində yağıntılar sayəsində məhsul son beş ilin orta göstəricisini 2 faiz üstələyib. Şampanda üzüm yığımı sentyabrın əvvəlində başa çatıb və bu, indiyədək ən erkən yığım kimi qeydə alınıb. Şaxta, dolu, quraqlıq və isti hava səbəbindən bölgədə istehsal ötən illə və son beş ilin ortalaması ilə müqayisədə yarıbayarı azalıb.
Bordoda istehsal ötən ilin aşağı göstəricisi ilə müqayisədə 10 faiz artsa da, beşillik orta səviyyədən 11 faiz geri qalır. Burqundiya-Bojole, Luara, Şarant və digər bölgələrdə də azalma qeydə alınır.
Rekord istilər və quraqlıq Fransanın kənd təsərrüfatına ciddi ziyan vurub. Hökumət fermerlərə təcili yardım məqsədilə 1 milyard avrodan çox vəsait ayırıb.
S.ELAY
XQ