Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paris, 19 noyabr, AZƏRTAC
Fransanın müdafiə naziri Katerin Votrən Senatda çıxışı zamanı Ukraynaya hərbi dəstəyin davam etdirildiyini bildirərək, fransalı hərbi personalın təlim və texniki xidmət məqsədilə vaxtaşırı Ukraynaya səfər etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu səfərlər aktiv döyüş bölgələrindən kənarda həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, nazir Fransanın 2022-ci ildən Rusiyanın təcavüzünə qarşı Ukraynaya ikitərəfli, eləcə də Avropa və beynəlxalq çərçivədə dəstək verdiyini vurğulayıb. Bu yardım Ukrayna hərbçilərinin hazırlanmasını və müxtəlif hərbi texnikanın tədarükünü əhatə edir. Votrən bildirib ki, Fransa tərəfindən həyata keçirilən proqramlar çərçivəsində 25 mindən çox ukraynalı hərbçi Polşa və Fransada təlim keçib.
Paris Kiyevə artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri və döyüş təyyarələri də təqdim edir. Bu texnikanın istifadəsi və döyüş hazırlığının qorunması üçün texniki müşayiət tələb olunur.
Katerin Votrən bu fəaliyyətin Fransa Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan xarici hərbi müdaxilə çərçivəsinə daxil olmadığını bildirib və “döyüşmək niyyətimiz yoxdur”, - deyə vurğulayıb.