Fransa XİN ABŞ konqresmenlərini Aİ nin “məxfi sənədi” ilə bağlı ələ saldı

29.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Fransanın Xarici İşlər Nazirliyi ABŞ-li respublikaçı konqresmenlərin Avropa İttifaqına aid guya “məxfi sənədi” yaymasını lağa qoyub. Söhbət Aİ-nin X sosial şəbəkəsinə qarşı senzura tətbiq etməsi ilə bağlı iddialardan gedir.

Bizimyol.info xəbər verir ki, Fransa XİN-in dezinformasiyaya qarşı mübarizə üçün X platformasında yaratdığı "French Response" səhifəsində bildirilib ki, “Aİ-nin məxfi əmri”nin tapılması üçün 23 gün vaxt lazım olub. Nazirlik ironiya ilə qeyd edib ki, sənəd hələ 5 dekabr 2025-ci ildə Avropa Komissiyasının rəsmi saytında açıq şəkildə dərc edilib və paylaşımda müvafiq keçid də verilib.

Bu açıqlama ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsində respublikaçıların yaydığı paylaşıma cavab olaraq edilib. Həmin paylaşımda sənəd “Aİ-nin senzura ilə bağlı məxfi fərmanı” kimi təqdim olunub. Konqresmenlər iddia ediblər ki, Avropa İttifaqı "X" platformasını hesabların verifikasiya sistemini tətbiq etdiyinə və “dezinformasiya yayan saxta alimlərin tələblərinə boyun əymədiyinə” görə cərimələyib.

Xatırladaq ki, ötən il Avropa Komissiyası Aİ-nin rəqəmsal qaydalarını pozduğuna görə "X" şirkətinə 120 milyon avro cərimə tətbiq edib. Avropa Komissiyasının nümayəndəsi Toma Renyenin sözlərinə görə, platforma şəffaflıq tələblərinə əməl etməyib. O bildirib ki, ödənişli mavi təsdiq nişanı istifadəçiləri çaşdırır, çünki bu nişanı hər kəs ala bilər və real yoxlama aparılmır.

Renye əlavə edib ki, "X"in reklam siyasəti də istifadəçilər üçün yanıldıcıdır və sosial şəbəkə Avropa tədqiqatçılarına lazımi rəqəmsal məlumatları təqdim etmir. Halbuki Aİ-nin Rəqəmsal Xidmətlər Aktına əsasən, bütün rəqəmsal platformalar bu məlumatları təqdim etməlidir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью