Fransa yüksək faizlərin təzyiqi altındadır

06.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 6 oktyabr, AZƏRTAC

Fransa Bankının rəhbəri Emmanuel Mulən ölkənin dövlət maliyyəsini sağlamlaşdırmaq üçün tədbirlər görülməyəcəyi təqdirdə, artan faiz dərəcələrinin Fransanı tədricən “boğa biləcəyi” barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, o, bu fikirləri Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində səsləndirib.

Mulən hesab edir ki, dövlət xərclərinin və büdcə kəsirinin azaldılması investorların Fransaya inamını bərpa edə bilər. Onun sözlərinə görə, ölkənin dövlət borcu ilə bağlı vəziyyət ciddi və narahatedici olsa da, hazırkı durum avrozonanın borc böhranı dövründə Yunanıstandakı vəziyyətdən fərqlənir.

Britaniya qəzetinin məlumatına görə, Fransa hökuməti gələn həftələr üçün 43 milyard avroluq büdcə qənaəti planı təqdim edib. İqtisadi tədbirlər paketinin məqsədi büdcə kəsirini bu il gözlənilən 5,4 faizdən ÜDM-in 5 faizinə endirməkdir. Lakin parlamentdə çoxluğun olmaması, xüsusilə pensiyalar və dövlət qulluqçularının maaşları ilə bağlı tədbirlərin qəbulunu çətinləşdirir.

Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi cümə günü 5 faizə yaxınlaşıb, daha sonra 4,86 faizə enib. Almaniya istiqrazları ilə fərq isə qısa müddətə 1,5 faiz bəndini ötüb.

Avropa Mərkəzi Bankının mümkün müdaxiləsi ilə bağlı sualı cavablandıran Mulən bildirib ki, ilk növbədə problemin həlli milli səviyyədə həyata keçirilməlidir. Onun fikrincə, əsas məsələ Fransa vətəndaşlarının və seçilmiş nümayəndələrinin dövlət maliyyəsinin bərpasının zəruriliyini qəbul etməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью