Fransada 360 min nəfərlik böyük aksiya başlayır

16.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada noyabrın 17-də bahalaşma, əməkhaqları və pensiya təminatından narazılıq səbəbindən ümumxalq etiraz aksiyaları və tətillər keçiriləcək. Aksiyalarda 360 min nəfərədək insanın iştirakı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə BFMTV təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Protestlərin əsas hissəsinin Parisdən kənarda keçirilməsi planlaşdırılır. İlkin proqnozlara görə, ölkənin müxtəlif şəhərlərində 220-300 min nəfər küçələrə çıxacaq. Paytaxtda da on minlərlə insanın iştirakı gözlənilir.

Ümumxalq tətilinin təşkilatçısı Ümumi Əmək Konfederasiyası (CGT) əməkhaqları və pensiyaların artırılmasını tələb edir. Həmkarlar ittifaqları, həmçinin iş şəraitinin yaxşılaşdırılmasını və dövlət qulluqçularının maaşlarının hesablanmasında istifadə olunan indeksin dondurulması qərarının ləğvini istəyirlər.

Gözlənilən izdihamla əlaqədar polis və jandarm qüvvələrinin sayı artırılacaq. Təhlükəsizliyin təmin olunması üçün pilotsuz uçuş aparatları, zirehli texnika və su şırnaqlarından da istifadə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Fransada etiraz dalğası ötən ilin payızında başlayıb. Oktyabrın 17-də keçirilən aksiyada ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər iştirak edib. Sonrakı etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью