Icma.az, Axar.az saytına istinadən bildirir.
Fransanın Overn bölgəsində yerləşən İssuar şəhərinin Müasir İncəsənət Mərkəzindən “Apokalipsis” kitabı oğurlanıb.
Axar.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Məlumata görə, kitab Jozef Fore tərəfindən Müqəddəs İohannın mətnləri əsasında 1958–1961-ci illərdə hazırlanıb. Əsərin ümumi çəkisi təxminən 210 kiloqramdır. Məşhur rəssam Salvador Dalinin hazırladığı, bürünc, qızıl, qiymətli daşlar və balıqqulağı ilə işlənmiş üz qabığının çəkisi isə 150 kiloqramdır. Kitabın perqament üzərindəki illüstrasiyaları XX əsrin 14 rəssamı və yazıçısı tərəfindən hazırlanıb.
Qeyd edək ki, ötən ilin oktyabrında işçi geyimində olan oğrular Luvr muzeyinin Apollon qalereyasından təxminən 88 milyon avro dəyərində 8 tarixi zinət əşyası oğurlamışdı. Oğurluq dörd dəqiqə çəkmiş və muzeyin adi iş saatlarında baş vermişdi.